https://innews.media/uploads/news/2022-12/_innews_fe22b52dc22b856d15aed4d2f_o.jpg
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə dekabrın 13-də “Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda ilahiyyatçı və dinşünas ekspertlər, qadın təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də digər müvafiq qurumların təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova konfransın əhəmiyyətindən danışıb. Qeyd edib ki, dini radikalizmlə mübarizədə qadınların potensialından istifadə edilməsi, prosesə onların aktiv şəkildə cəlb edilməsi xüsusi önəm kəsb edir. Sözügedən istiqamətdə keçirilən konfransların təşkil edilməsinin əsas məqsədi məhz bu potensialın öyrənilməsi, istifadə edilməsi, habelə təhlilinə yönəlibdir. Şöbə müdiri vurğulayıb ki, bu məqsədlə Elm və təhsil nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Qafqaz Müsəlmanları İdarəsi, o cümlədən qeyri-hökumət təşklilatları ilə sıx əməkdaşlıq edilir.
Mövzu ilə bağlı təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun dekanı, dosent Elnurə Əzizova dini radikalizmə dair müxtəlif yanaşmaların ortaq baxış sistemini təşkil edən ̶ müasir cəmiyyətlə uyğunlaşa bilməmək, yalnız digər dinlərə inananların deyil, özündən fərqli olan dindaşlarına qarşı eksklüsivist yanaşmaq, onlara qarşı zorakılıq tətbiq etmək, bəzən bütün dünyəvi dəyərləri inkar etmək, elm, dövlət, hüquq, təhsil və qadınla əlaqəli mövzularda radikal görüşlərə sahib olmaq və bu kimi mənfi təzahürlər barədə məlumat verib. İslamda qadının yeri mövzusunun nəzəri və praktiki çərçivəsini müəyyənləşdirən amilləri vurğulayan E.Əzizova müasir cəmiyyətlə səsləşməyən, xurafat sayılan inanc və davranışların xüsusiyyətləri barədə danışaraq bəzi statistik rəqəmləri diqqətə çatdırıb.
Ardınca Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova təmsil etdiyi qurumun dini radikalizm, eləcə də xurafatla mübarizəyə verdiyi töhfələrdən danışıb. Bildirib ki, AQUPDK-nın birbaşa fəaliyyət istiqamətləri ilə bağlantılı olan məişət zorakılığı, erkən nikah, qızların təhsildən yayındırılması, iqtisadi asılılıq və digər ayrı-seçkilik halları xurafat və radikalizmə zəmin yaradan səbəblər sırasındadır. Bütün bu kimi problemlərlə mübarizə istiqamətində maarifləndirmə tədbirlərinin önəminə toxunan şöbə müdiri qadınların təhsilə cəlb edilməsi, müxtəlif dövlət orqanlarında, qurum və təşkilatlarda təmsilçiliklərinin artırılması, rəhbərlik etdikləri sahibkarlıq sahələrinin genişləndirilməsi, ümumilikdə cəmiyyətimizdə müxtəlif fəaliyyət sahələrində qadınlarının məsuliyyət payının artırılmasının əhəmiyyətli həll yollarından olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı bildirib ki, radikalizmi yaradan səbəblər içində din faktorunun olması istisna deyil. Lakin bunu dini radikalizm adı ilə yox, din pərdəsi altında cəmiyyətdə təxribat yaratmaq istəyən bir qrupun şüarı kimi dəyərləndirməliyik. Sədr müavini radikalizmə yol açan əsas məqamlardan çıxış yolları barədə də danışıb. Məktəblərdə dinlə bağlı fənnin tədris olunması, psixoloji problemlərə diqqət çəkib, bu istiqamətlərdə müvafiq qurumların birgə əməkdaşlığın önəmini xüsusilə olaraq vurğulayıb.
Daha sonra Bakı Dövlət Universiteti, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə elmləri doktoru, “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Yeganə Mirzəyeva və AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə elmləri doktoru İradə Zərqanayevanın dini maarifçilik işinin həyata keçirilməsində dini radikalizm və xurafatla mübarizə, o cümlədən milli-mənəvi və tolerant dəyərlərin təbliğində qadınların fəal iştirakına dəstək vermək, bu sahədə onları istiqamətləndirməyin önəmi barədə çıxışları dinlənilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin