logo
DİBRAR/DÜBRAR - BİR DAĞ ADININ YADDAŞI

DİBRAR/DÜBRAR - BİR DAĞ ADININ YADDAŞI

DİBRAR/DÜBRAR - BİR DAĞ ADININ YADDAŞI DİBRAR/DÜBRAR - BİR DAĞ ADININ YADDAŞI

Bu gün Dübrar dediyimiz dağın adı köhnə qaynaqlarda başqa biçimdə qarşımıza çıxır: Dibrar. Bu kiçik fərq — “ü” yerinə “i” — ilk baxışda önəmsiz görünə bilər. Amma yer-yurd adlarının keçmişini araşdıranda bəzən bir sait belə adamı yüzillər geriyə aparır. Çünki ad dəyişməsə də, onun deyilişi, başqa əlifbada yazılışı, xəritəçinin eşitdiyi səs zamanla dəyişə bilir.

Azərbaycan Coğrafiya Cəmiyyətinin Böyük Qafqazın bu hissəsinə aid ekspedisiya materialında zirvə Kolanı (Dübrar) adı ilə göstərilir və hündürlüyü cihazla 2206 metr ölçülür. Həmin material Dübrarı qoşa zirvəli dağ sistemi kimi də təsvir edir. Ətrafda Taxta Kolanı, Taxtayaylaq və başqa qədim yaylaq adlarının yaşaması isə bizi təkcə bir sözün deyil, bütöv bir yer-yurd yaddaşının qarşısında qoyur.

Bəs Dibrar nə demək ola bilər?

Bu sualın ardınca gedəndə türk dilində çox qədim bir söz ailəsinə rast gəlirik: tüp, tüb, düb, dip, dib. Gerard Clausonun qədim türk dili üzrə etimoloji materiallarında bu söz ailəsi kök, aşağı hissə, bünövrə, bir şeyin dibi kimi anlamlarla qarşımıza çıxır. Azərbaycan türkcəsində sözün yaşadığını sübut etmək üçün isə lüğət açmağa belə ehtiyac yoxdur: dağın dibi, dərənin dibi, quyunun dibi, suyun dibi deyirik.

Deməli, Dibrarın əvvəlindəki dib səsini türk dili içərisində araşdırmaq təsadüfi söz oxşarlığı deyil. Amma bu, hələ Dibrarın “dib”dən yarandığını da sübut etmir.

İkinci maraqlı söz arıdır. Qədim türk yazılı dilində arığ “təmiz, saf, pak” anlamlarında işlənib. Clauson bunu qədim uyğur mətnlərindən Kaşğarlı Mahmudun materiallarına qədər çoxsaylı örnəklərlə göstərir; başqa türkoloji araşdırmalar da arığ sözünün qədim türk dilində “təmiz, saf” anlamını təsdiqləyir. Sonrakı türk dili qatlarında arı forması da görünür.

Bizim dil yaddağımızda bunun çox gözəl izi qalıb: “Aydan arı, sudan duru.”

Buradan adamın ağlına istər-istəməz bir ehtimal gəlir: dib + arı. Yəni dibdən çıxan arı, saf, duru su.

Üstəlik Dübrar dağlıq ərazisində bir-birindən aralı iki təbii su qaynağının olması, yerli əfsanə və deyimlərdə bunların Dib və Arı adları ilə bağlanması bu ehtimalı daha da maraqlı edir. Ancaq burada dayanmaq lazımdır. Əfsanə dil tarixinin izini qoruya bilər, amma özü tarixi sənəd deyil.

Əsas çətinlik də elə buradadır: dib + arı bizə məna baxımından gözəl uyğunlaşma verir, amma bu birləşmənin necə Dibrar formasına çevrildiyini göstərən tarixi ara formalar hələ ortaya qoyulmayıb.

Etimologiyanın ən təhlükəli tərəfi budur: iki qədim sözü tapırsan, coğrafiyaya da yaraşır və insan dərhal “tapdım” demək istəyir. Halbuki dilçilikdə yaraşmaq başqa şeydir, sübut etmək başqa.

Başqa bir ehtimal barı sözündən keçir. Azərbaycan dilində və şivələrində barı “hasar, divar, sədd” anlamlarında işlənib. Buradan dib + barı — Dibarı kimi bir model düşünmək mümkündür: təbii səddin, dağ divarının dibi. Dübrar–Kolanı ərazisinin relyefi belə bir yozuma imkan verir. Lakin burada da eyni sual qarşımıza çıxır: Dibrardan daha qədim Dibarı formasını göstərən yazılı bəlgəmiz varmı? Hələlik bunu qəti söyləməyə imkan verən ardıcıl tarixi zəncir yoxdur.

Dübrar adını tat dilində “iki qardaş” anlamı ilə əlaqələndirən bir izah da yayılıb; qoşa zirvə bu yozuma uyğun görünsə də, həmin uyğunluq özlüyündə toponimin mənşəyini sübut edən tarixi dəlil deyil.

Məncə, Dübrar məsələsində ən önəmli nöqtə də budur: sözə uyğun hekayə tapmaqla sözün tarixini tapmaq eyni şey deyil.

Bir yer adının etimologiyası üçün ən azı üç xətt bir nöqtədə görüşməlidir: qədim yazılı forma, həmin formalar arasındakı inandırıcı fonetik keçid və coğrafiyaya uyğun məna. Dübrarda türk dili bizə maraqlı açarlar verir — dib, arı, barı — amma hələ hansı açarın qapını açdığını bilmirik.

Burada Kolanı adı ayrıca diqqətə layiqdir. Azərbaycan Coğrafiya Cəmiyyətinin materialında zirvənin “Kolanı (Dübrar)” adlandırılması və yaxınlıqda Taxta Kolanı yaylağının qeydə alınması göstərir ki, Kolanı adı bu coğrafiyanın yaddaşında yaşayır.  Ətrafdakı Altıağac, Ataçay, Taxtayaylaq və başqa türk yer-yurd adları da Dübrarın hansı dil mühitinin içində araşdırılmalı olduğunu göstərir. Bu, Dübrarın türk mənşəli olduğunun sübutu deyil, amma türk dili qatını araşdırmadan veriləcək hökmün də yarımçıq qalacağını göstərir.

İndi əsas iş hökm vermək yox, Dibrarın izinə düşməkdir.

Daha qədim xəritələr tapılmalıdır. Hərbi-topoqrafik və triangulyasiya bəlgələri yenidən gözdən keçirilməlidir. Kolanı yaylaqlarının unudulmuş bulaq, dərə, qaya və otlaq adları toplanmalıdır. Yaşlı insanların yaddaşında qalan Dib, Arı, Dibarı, Dibrar kimi deyilişlər varsa, yazıya alınmalıdır. İki qaynağın Dib və Arı adlandırılması ilə bağlı əfsanənin nə qədər qədim olduğu da ayrıca araşdırılmalıdır.

Bəlkə Dübrarın açarı dib sözündədir, bəlkə arıda, bəlkə barıda. Bəlkə də bunların heç birində deyil və gələcəkdə tapılacaq bir köhnə xəritə bütün ehtimallarımızı dəyişəcək.

Amma bir şey aydındır: Dübrarın adını yalnız bugünkü “Dübrar” formasından başlayaraq araşdırmaq yetərli deyil. Əvvəl Dibrara, sonra daha əski arxiv  sənədlərinə   getmək lazımdır.

Çünki bir dağın adını anlamaq üçün həmişə zirvəsinə qalxmaq yetmir. Bəzən dağın ətəyindəki bulağın adını soruşmalı, köhnə xəritənin saralmış yazısını oxumalı, el arasında qalmış əfsanə və deyimləri dinləməli, sonra bütün bunları dil tarixinin tərəzisində çəkməlisən.

Dübrarın gerçək ad yaddaşı harada gizlənib — bunu hələ bilmirik.

Bəlkə də cavab elə yüzillərdir suyun çıxdığı yerdə, dağın dibindədir.

Eltən Törəçi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media