logo
Qala qoruğu əncirin sehrinə və bayram rənglərinə bürünüb: Abşeronda unudulmaz festival baş tutub

Qala qoruğu əncirin sehrinə və bayram rənglərinə bürünüb: Abşeronda unudulmaz festival baş tutub

Qala qoruğu əncirin sehrinə və bayram rənglərinə bürünüb: Abşeronda unudulmaz festival baş tutub Qala qoruğu əncirin sehrinə və bayram rənglərinə bürünüb: Abşeronda unudulmaz festival baş tutub

Abşeron torpağının bərəkəti, qədim ənənələr və bayram ab-havası “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda bir araya gəlib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən Əncir Festivalı yerli sakinlərin və qonaqların böyük marağına səbəb olub.

Tarixi Qala mühitində baş tutan tədbirdə əncir sadəcə Abşeronun ləzzətli rəmzi kimi deyil, həm də bölgənin mədəniyyətini, sənətkarlığını və həyat tərzini özündə birləşdirən zəngin mədəni dəyər kimi təqdim edilib. Qonaqlar festival ərazisində xüsusi olaraq bəzədilmiş “Əncirli fayton”un və “Əncirin sehrli divarı”nın qarşısında, eləcə də saman konseptli rəngarəng fotozonalarda yaddaqalan şəkillər çəkdiriblər.

Festival boyunca həm böyüklər, həm də uşaqlar üçün coşqulu və zəngin proqram təqdim olunub. Balaca ziyarətçilər “Tıq-tıq xanımın macəraları” kukla tamaşasını izləyib, “Öz əncirini boya” ustad dərsində yaradıcılıq bacarıqlarını göstəriblər. Sənətkarlar meydanında və Sənətkarlar küçəsində xalçaçılıq sənəti nümayiş etdirilib, Dulusçu həyətində isə amuletlərin hazırlanması üzrə ustad dərsi keçirilib. “Abşeronun sarı xəzinəsi” adlı rəsm sərgisi və geyim defilesi rəngarəng görüntülər yaradıb. “Əncir və qəhvə dənələri” adlı qədim falçılıq guşəsi isə tədbirə xüsusi maraq qatıb.

Festivalın qastronomiya zonasında yerləşən “Əncir laboratoriyası”nda müxtəlif əncir dadlarının dequstasiyası keçirilib. Ziyarətçilər “Qalanın əncir dadları ocağı”, “Ləzzət guşəsi” və “Çay və əncir məclisi”ndə təqdim olunan ləzzətləri dadıb, “Qala sakinlərinin əncir süfrəsi”nə və “Ənənəvi əncir bərəkəti süfrəsi”nə qonaq olublar. Məhsul bazarında yerli təbii nemətlər təqdim edilib, günün şən ab-havasını isə musiqi triosunun ifası və DJ-in ritmləri tamamlayıb. Abşeronun təbii və mədəni irsinin tanıdılması, bölgənin qədim əncirçilik ənənələrinin yaşadılması baxımından böyük əhəmiyyət kəsb edən Əncir Festivalı Qalada unudulmaz bayram ab-havası yaradaraq yekunlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media