https://innews.media/uploads/news/2026-08/_innews_206e23dbc50bf9632a5e5f68c_o.jpg
Azərbaycanda müəssisələrin informasiya-kommunikasiya texnologiyalarına (İKT) ayırdığı vəsaitlərin strukturunda ötən dövrlə müqayisədə fərqli dinamika müşahidə olunub.
2025-ci il ərzində ölkə üzrə müəssisələrin proqram təminatı və İKT avadanlıqları ilə bağlı ümumi xərcləri 351,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu məbləğ 2023-cü ilin göstəricisindən 21,5 milyon manat və ya 5,8 faiz aşağıdır.
Ümumi İKT xərclərinin ən böyük hissəsi proqram təminatının payına düşüb. Bu istiqamətdə 149,6 milyon manat vəsait sərf olunub ki, bu da əvvəlki göstəricidən 17 faiz azdır. Texniki dəstəyə 80,7 milyon manat, internet şəbəkəsinə qoşulmağa 76 milyon manat ayrılıb. Bu iki istiqamətdə xərclər müvafiq olaraq 6 faiz və 19,3 faiz artıb.
İKT avadanlıqlarının alınması və istifadəsi ilə bağlı xərclər isə 37,2 milyon manat olub. Bu göstəricidə 6,5 faizlik azalma qeydə alınıb. Texniki vasitələrlə məlumatlandırma xidmətlərinə 4,6 milyon manat, əməkdaşların təliminə və yeni tətbiqlərin mənimsənilməsinə 1,7 milyon manat xərclənib. Digər sistemlərin hazırlanmasına, o cümlədən videokonfrans, çağrı mərkəzi və xidməti terminallara isə 2 milyon manat yönəldilib.
Proqram təminatı üzrə xərclərin 127,1 milyon manatı lisenziyaların alınmasına, 22,5 milyon manatı isə tətbiqi proqram təminatlarının hazırlanmasına sərf edilib. Lisenziya xərclərində əməliyyat sistemləri 83,5 milyon manatla əsas paya sahib olub.
Maraqlı artım proqramlaşdırma alətləri və digər proqram təminatları üzrə qeydə alınıb. Proqramlaşdırma alətlərinə çəkilən xərc 7,2 milyon manata çataraq 63,6 faiz, digər proqram təminatlarına ayrılan vəsait isə 32,8 milyon manat olmaqla 31,2 faiz artıb.
Texniki dəstək xərclərində də artım müşahidə olunub. Texniki avadanlıqların dəstəklənməsinə 32,1 milyon manat, sistem proqram təminatına 26,2 milyon manat, tətbiqi proqram təminatının dəstəklənməsinə isə 22,4 milyon manat xərclənib.
İKT avadanlıqları üzrə göstəricilərdə isə ən diqqətçəkən dəyişiklik şəbəkə avadanlıqları istiqamətində olub. Bu sahəyə 8,6 milyon manat vəsait ayrılıb ki, bu da əvvəlki göstəricidən 2,3 dəfə çoxdur.
Bunun əksinə, server avadanlıqları üzrə xərclər 39,2 faiz azalaraq 10,7 milyon manata düşüb. İstifadəçilər üçün nəzərdə tutulan texniki avadanlıqlara 15,8 milyon manat, İKT təhlükəsizliyi avadanlıqlarına isə 2,1 milyon manat vəsait sərf olunub.
Beləliklə, ümumi İKT xərclərində azalma olsa da, müəssisələrin xüsusilə şəbəkə avadanlıqlarına yatırımlarını əhəmiyyətli dərəcədə artırması 2025-ci ilin diqqətçəkən tendensiyalarından biri olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin