https://innews.media/uploads/news/2026-08/_innews_91e6d60f671d5fa7bffd44d3e_o.jpg
l. İmzanın tarixə döndüyü ünvan
Azərbaycan jurnalistikasında bəzi imzalar yalnız yazdıqları mətnlərin sayı ilə ölçülmür. Onların arxasında müəyyən bir zamanın, bir neçə nəslin, müxtəlif ictimai-siyasi mərhələlərin və dəyişən informasiya mühitinin izi görünür. Belə imzalar qəzet-jurnal səhifəsindən çıxaraq zamanın yaddaşına daxil olur.
“Ayətxan Ziyad” imzasına da bu müstəvidən baxmaq lazımdır.
Bu imzanın peşəkar mətbuatda görünməsi 1969-cu ilin avqustuna təsadüf edir. Həmin vaxt orta məktəbi yenicə bitirmiş 18 yaşlı Ayətxan İsgəndərov Əlibayramlı (indi Şirvan) şəhərinin “İşıq” qəzetində iki məqalə ilə çıxış edir. Bu iki yazı onun yalnız jurnalistikaya ilk addımı deyil, sonrakı yaradıcılıq yolunun istiqamətini müəyyənləşdirən başlanğıc olur. Həmin məqalələr ona Azərbaycan Dövlət Universitetinin (indi BDU) yeni yaradılmış Jurnalistika fakültəsinə daxil olmaq üçün sənəd vermək hüququ qazandırır.
Ancaq Ayətxan Ziyadın jurnalistikaya münasibətini yalnız 1969-cu ildən başlatmaq da tam mənzərəni vermir. Bu marağın məktəb illərindən formalaşdığı məlumdur. O, əvvəlcə şagirdi olduğu sinifin, daha sonra Hacıqabul şəhərində təhsil aldığı 9 saylı dəmir yolu məktəbinin “Ədəbiyyat” divar qəzetinin redaktoru olub.
Jurnaalistikanı ixtisas olaraq seçməsi də təsadüf olub. Atasi onu həkim görmək istəyirdi, məktbin direktoru, riyaziyyat müəllimi Rafiq Rəhimov riyaziyyatçı, fizika müəllimi fizik, ədəbiyyat müəllimləri Tamara Hüseynova ilə Hüseyn İsayev ədəbiyyatçı. Ancaq fransız dili müəllimi Seyfulla ,,,, ovun tövsiyəsi onun tale yolunu tamam özgə yönə yönəltdi: “Ayətxan, universitetdə bu il təzə fakültə yaranıb, jurnalistika. Ora yazanların yeridir, ora sənin yerindir”.
Və Ayətxan atasını da, müəllimlərini də özündən rəncidə salmış olsa belə, seçimini edir: jurnalist olacaq
Müşahidəçisi olduğumuz faktlar da, hadisələri məcrası da göstərir ki, jurnalistika onun üçün sıradan seçilmiş təsadüfi peşə deyilmiş, erkən yaşlarından içində formalaşan söz və müşahidə ehtiyacının davamı imiş.
Burada diqqət çəkən əsas məqam ilk yazının özü qədər onun arxasındakı seçimdir. On səkkiz yaşında bir gəncin Hacıqabuldan Əlibayramlıya, indiki Şirvan şəhərinə gəlib tanımaza-bilməzə baş redaktor müavinini qapısını açib “Bu yazılar avqustun 25-nə qədər çap edilməyəcəksə, mənə lazım deyil” təriqli kəlmələrlə redaksiyaya yazı təqdim etməsi bir başqa məsələdirsə, həmin yazının peşəkar jurnalistika yolunun qapısını açması isə tamam başqa məsələdir. A.Ziyadın 1969-cu ildən başlayan bu yolu sonradan 57 illik fasiləsiz yaradıcılıq təcrübəsinə çevrilmiş oldu.
Bu səbəbdən 1969-cu il yalnız bioqrafik tarix deyil. Bu tarix bir imzanın Azərbaycan mətbuatında özünə yer axtarmağa başladığı yaddaşdır.
Və həmin imzanın əsas xüsusiyyəti sonrakı illərdə də dəyişməz olaraq qalmaqdadır: sözə məsuliyyətlə yanaşmaq!
II. Jurnalistikanın məktəbi: mikrofon, mətbuat və hadisə
Ayətxan Ziyad İsgəndərovun jurnalist taleyini yalnız qəzet və jurnal səhifələri ilə məhdudlaşdırmaq doğru olmaz, onun yaradıcılıq yolunda Azərbaycan Dövlət radiosundakı fəaliyyəti ayrıca bir məktəb təşkil edir.
1970-ci illərdən etibarən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə bağlı yaradıcılıq əlaqələri A.Ziyadın jurnalist təcrübəsinə tamam başqa ölçü gətirir. 1970-ci ildə I kursu bitirən Ayətxan AzTV-yə praktikaya gındərilir. Dövlət radiosunda uzun illəri əhatə edən fəaliyyət (1970-1994-cü illər), başqa sözlə, universiteti bitirəndən sonra dövlət radiosunda işə başlaması təkcə informasiya hazırlamaq bacarığı demək deyildi. Radio jurnalistikası təcrübəçiyə sözü seçməyi, fikri yığcamlaşdırmağı, hadisəni dinləyiciyə canlı çatdırmağı, səsin arxasında görünən və görünməyən mətləbləri duymağı aşilayır.
A.Ziyadın yaradıcılığında jurnalist müşahidəsinin sonralar bu qədər güclü görünməsində radio təcrübəsinin xüsusi payı olduğu haqdır. Çünki yazıdan fərqli olaraq radio, jurnalistdən hadisənin içində olmağı tələb edir. Burada jurnalist hadisəni yalnız görmür, onu dinləyir, səsləndirir və yaddaşa köçürür.
Bu xüsusiyyət onun hərbi jurnalistika fəaliyyətində özünü daha qabarıq göstərir.
I Qarabağ müharibəsinin ilk günlərindən son güllə səslərinə qədər (sərasər 6 il) cəbhə bölgələrinə dinclik bilmədən edilən ezamiyyətlər A.Ziyadın jurnalist fəaliyyətinin ən ağır və məsuliyyətli səhifələrindəndir. Ağdam, Füzuli, Şuşa, Xankəndi, Tərtər və Naxçıvanın döyüş xəttlərindən hazırladığı reportajlar sadəcə informasiya xarakterli materiallar deyildi. Onlar həmin dövrün hadisələrini canlı şahidlik səviyyəsində qeydə alan jurnalist materialları idi. Müxtəlif mənbələrdə onun cəbhəyə ayda bir, bəzən iki dəfə və hər dəfə bir həftəlik ezamiyyətlərə getdiyi, hazırladığı radio materiallarının Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində qorunduğu bildirilir.
Bu fakt A.Ziyad jurnalistikasının mühüm bir xüsusiyyətini üzə çıxarır: o, hadisələrə müşahidəçi olmayıb, hadisənin özünə gedən, döyüşlərin qaynar nöqtərindən əsgərin səsini Azərbaycan dünyasına çatdıran jurnalist olub.
Cəbhə jurnalistikasında bu, mühüm faktordur. Çünki müharibəni kabinetdən təsvir etmək mümkündür, ancaq müharibənin dəhşətini, dağıntının səssizliyini, ölümün gözünə şığıyan əsgərin ölümün canına vahimə qalan hayqırtısını və hər döyüşdən gözlədiyi qələbə ümidini yalnız bu hadisənin içində olan jurnalist ruhuna hopdurub yaddaşa çevirə bilər.
A.Ziyadın radio fəaliyyəti də məhz bu baxımdan onun imzasının formalaşmasında mühüm mərhələdir. Sonralar qəzetdə, jurnalda, bədii nəsrdə və elmi yazılarda görünəcək müşahidəçi təfəkkürünün köklərindən biri bunlarda axtarılmalıdır.
lll. “Ayətxan Ziyad” imzasının əsas fərqləndirici cəhəti
Jurnalistika öz yolçusuna bir mühüm xüsusiyyət qazandırır: hadisənin görünən tərəfi ilə kifayətlənməmək.
A.Ziyadın yaradıcılığında bu cəhət nəzərə xüsusi çarpır.
Onun 1994-cü ilin yayından sonrakı dövrdə işlədiyi, yaxud əməkdaşlıq etdiyi qəzet və jurnalların coğrafiyası və mövzu dairəsi həm müxtəlifdir, həm də geniş: “Respublika”, “Ədalət”, “Naxçivan” və “Yeni Naxçıvan”, “Həftə içi”, “Təzadlar”, “525-ci qəzet”, “Kredo”, “Panorama”, “Yazarlar” və bir çox digər mətbu orqanlarla yaradıcılıq əlaqələri onun yaradıcılıq istiqamətlərinin tək bir sahə ilə məhdudlaşmadığının göstəricisidir. Bu fəaliyyət ədəbi-tənqidi publisistika, ictimai-aktual mövzular, sənət adamlarının yaradıcılıq portretləri, kulturoloji araşdırmalar və müasir ədəbi proseslə əlaqələndirilir.
Ancaq bütün bunlar heç də bütünlüklə A.Ziyad jurnalistikasının mahiyyətini açmır, əsas məsələ onun mövzuya münasibətindədir.
Jurnalist hər hansı hadisə haqqında yaza bilər, publisist isə həmin hadisənin arxasında dayanan ictimai mənanı axtarır - əsası budur.
A.Ziyad imzasını fərqləndirən cəhətlərdən biri də elə budur: hadisənin arxasında dayanan ictimai mənanı axtarmaq.
A.Ziyadın başqa bir üstünlüyü də ondadır ki, hansı mövzuya müraciət etməsindən asılı olmayaraq, yazının mərkəzinə insanı, onun taleyini, mənəvi seçimini, yaşadığı mühiti gətirə bilir. Buna görə də, onun jurnalistikasını yalnız informasiya ötürən fəaliyyət kimi qiymətləndirmək yanlışlıq olar.
Onun yazılarında müşahidə var.
Müşahidənin arxasında münasibət var.
Münasibətin arxasında isə zamanın mənasını anlamaq cəhdi dayanır.
Elə buna görə də “Ayətxan Ziyad” imzasını hansı isə bir mətbuat orqanının, yaxud müəyyən bir dövrün çərçivəsində məhdudlaşdırmaq mümkün deyil.
İmza qəzetdən-qəzetə, jurnaldan-jurnala, kitabdan-kitaba keçir, amma əsası budur ki, yaradıcılıq xətti qorunur.
IV. Jurnalist təfəkküründən yazıçı təfəkkürünə
A.Ziyad yaradıcılığının maraqlı tərəflərindən biri jurnalistikanın bədii nəsrlə qarşılaşdığı məqamdır.
Jurnalist hadisənin faktını görür.
Yazıçı həmin faktın insanın daxilində yaratdığı sarsıntını görür.
Bu iki baxış bir müəllifdə birləşəndə, ortada fərqli bədii düşüncə müşahidə olunur.
Ulu“ nəşriyyatının məhsulu olan “Məndən sonra...”, Türkiyədə nəşr olunan “Ömrüm bir yaşıl yarpaq, rənglərı mənımkidi” və “Qara, məxmər gecələrim” toplularına daxil edilmiş povest və hekayələr bu baxımdan diqqət çəkir. kitabında yer alan “Ata qarğışı” və “Alın yazımız Tanrının” povestləri, “Yastığı qolu getdikcə tolazdadı”, “Kişilər ağlamaz, ağlayanda da...” ... kimi hekayələrdə insanın sosial mühitlə münasibəti, daxili böhranı, tənhalığı və mənəvi seçimi ön plana çıxır.
Burada jurnalist təfəkkürünün bir başqa xüsusiyyəti görünür: müəllif hadisəni süni şəkildə böyütmür, həyatın öz dramatizminə inanır.
Bu, mühüm yaradıcılıq keyfiyyətidir.
Çünki bədii mətnin təsir gücü həmişə gurultulu hadisədən gəlmir. Bəzən bir insanın susması, bir ailənin dağılması, bir yaddaşın oyanması və ya adi görünən bir məqamın arxasındakı mənəvi ağrı daha böyük dramatik qüvvəyə malik olur.
A.Ziyadın nəsrində jurnalist müşahidəsi bədii təfəkkürlə birləşərək insan xarakterinə yönəlir. Bu əsərlərin sosial-psixoloji və ekzistensial motivlərlə əlaqəsi xüsusidir.
“Bir Novruz axşamı” və “Onlar Səməd Vurğunu görmüşlər” kimi əsərlərdə isə başqa bir xətt meydana çıxır: yaddaş.
Bu, təsadüf deyil.
Jurnalistin topladığı fakt zaman keçdikcə yazıçının yaddaş materialına çevrilir.
Beləliklə, jurnalistika ilə nəsr arasında sərhəd çəkilmir; əksinə, bir sahənin təcrübəsi digər sahənin imkanlarını genişləndirir.
V. Sözün ikinci ömrü: tədqiqatçı Ayətxan Ziyad
A.Ziyad yaradıcılığının sonrakı mərhələsində jurnalistikanın verdiyi müşahidə imkanları elmi-tədqiqat fəaliyyətinə keçir.
Bu mərhələni jurnalistikadan uzaqlaşma kimi qiymətləndirmək düzgün olmaz, əksinə, burada jurnalist sualı - tədqiqat sualına çevrilir.
Jurnalist yazdığında bu sorğuya cavab axtarır: “Nə baş verdi?”
Tədqiqatçı yazdığında bu sorğunu cavablandırmağa cəhd göstərir: “Nə üçün belə oldu və bunun ədəbi-estetik mənası nədir?”
Bu iki sualın arasında böyük məsafə yoxdur.
A.Ziyadın uşaq ədəbiyyatı, müasir poeziya, klassik irs və ayrı-ayrı sənətkarların yaradıcılığı ilə bağlı araşdırmaları onun sözə yalnız istifadə ediləcək vasitə kimi yox, öyrəniləcək mürəkkəb sistem kimi yanaşdığını göstərir.
Zahid Xəlil yaradıcılığında nəzəri-poetik sistem: konseptual çərçivə və metodoloji yanaşma”, Z.Ustacın yaradıcılığı, uşaq poeziyasının struktur və semantik xüsusiyyətləri, “Kitabi-Dədə Qorqud”, Bəxtiyar Vahabzadə, Səməd Vurğun irsi və müasir poeziya ilə bağlı araşdırmalar bu elmi istiqamətin müxtəlif tərəflərini təşkil edir.
Burada “Ayətxan Ziyad” imzasının başqa bir mühüm xüsusiyyəti üzə çıxır: O, sözü yalnız yazmır, sözün necə işlədiyini də araşdırır.
Bu isə jurnalist üçün də, yazıçı üçün də, tədqiqatçı üçün də mühüm keyfiyyətdir.
Çünki sözün məsuliyyətini yalnız söz yazan adam deyil, sözün mahiyyətini anlamağa çalışan adam daha dərindən dərk edir.
2015-ci ildən etibarən elmi tədqiqatın A.Ziyadın yaradıcılıq yolunda ayrıca mərhələyə çevrildiyi və bu müddətdə çoxsaylı elmi konfranslarda iştirakı, nəşr edilmiş dərs vəsaiti və monoqrafiyaları barədə mətbuatda kifayət qədər məlumat verilib.
Beləliklə, A.Ziyadın yaradıcılıq yolunda üç ayrı istiqamət görünür: jurnalistika, bədii yaradıcılıq və elmi tədqiqat.
Amma əslində bunlar üç ayrı yol deyil, bunlar eyni yolun üç görünüşüdür.
VI. Bir imzanın yaddaşa çevrilməsi
57 il uzun müddətdir. Həm insan ömrü, həm də, hətta tarix ömrü baxımından da.
Bu müddətdə ölkələr, sistemlər, ictimai münasibətlər, informasiya vasitələri, qəzetçilik texnologiyaları dəyişib. Kağız qəzetin informasiya üstünlüyü - elektron medianın qarşısında zəifləyib. Radio və televiziya yeni informasiya texnologiyaları ilə rəqabətə girib. Jurnalistin işlədiyi mühit əvvəlki dövrlərlə müqayisəolunmaz dərəcədə dəyişib.
Amma bir şey dəyişilməz qalıb: jurnalistin söz qarşısında məsuliyyəti.
A.Ziyadın ilk dəfə 1969-cu ildə qəzet səhifəsində görünən “Ayətxan İsgəndərov” imzası bu dəyişikliklərin içindən keçərək bu günə gəlib.
Bu mənada onun yaradıcılıq yolu təkcə bir şəxsin bioqrafiyası deyil.
Bu yol Azərbaycan jurnalistikasının özünün dəyişən mənzərəsini də müəyyən qədər əks etdirir.
Bir dövrdə qəzet,
sonra radio,
daha sonra müxtəlif qəzet və jurnallar.
Müharibə reportajları...
Publisistika.
Bədii nəsr.
Elmi məqalələr.
Monoqrafiyalar.
Tədqiqatlar...
... Və bütün bunların içərisindən keçən eyni imza: Ayətxan Ziyad.
Bu imzanın çəkisi yalnız yazılan mətnlərin miqdarı ilə müəyyənləşmir. Onun çəkisini yarım əsrdən artıq müddətdə sözlə münasibətin qorunması müəyyənləşdirir.
Əgər bir insan 18 yaşında qəzetə yazdığı ilk iki məqalədən sonra 57 il ərzində və bu gün də davamlı olataq sözlə əlaqəsini kəsmirsə, burada artıq peşədən daha böyük bir bağlılıqdan danışmaq lazım gəlir.
Bu, həyat tərzinə çevrilmiş yaradıcılıqdır.
VII. “Ayətxan Ziyad” imzasi: bu günün yaddaşı, sabahın mənbəyi
A.Ziyad haqqında yazarkən ən asan yol onun gördüyü işləri sadalamaqdır.
Amma sadalamaq imzanın mahiyyətini izah etmir.
Əsas məsələ budur: bütün bu illərin sonunda nə qalır?
Qəzet materialları qalır.
Radio lentləri qalır.
Cəbhə reportajları qalır.
Kitablar qalır.
Nəsr əsərləri qalır.
Elmi araşdırmalar qalır.
Tədqiq olunan sənətkarlar, ədəbi faktlar və dövrün mənzərələri qalır.
Və bütün bunların fövqündə bir ad dayanır: Ayətxan Ziyad.
Bu adın jurnalistikadakı mənası da məhz burada müəyyənləşir.
Jurnalist öz dövrünün şahididir. Amma yaxşı jurnalist şahidliklə kifayətlənmir; gördüyünü yaddaşa çevirir.
A.Ziyadın 57 illik yaradıcılıq yoluna bu prizmadan baxanda onun fəaliyyətində bir-birini ardıcıl izləyən bir xətt müşahidə olunur: görmək, yazmaq, yadda saxlamaq, araşdırmaq və yenidən sözə çevirmək.
Bu xətt A.Ziyadın jurnalistikasını nəsrindən, nəsrini tədqiqatından ayırmır, əksinə, onları bir-birinə bağlayır.
Bəlkə də “Ayətxan Ziyad” imzasının əsas sirri elə bundadır.
Çünki bu imza yalnız qəzetdə məhdudlaşmayıb.
Mikrofonda səslənib.
Cəbhə yollarından keçib.
Kitab səhifələrinə köçüb.
Elmi araşdırmalara daxil olub.
Ədəbi yaddaşın müxtəlif qatlarında özünə yer tapıb...
Ona görə də, Azərbaycan jurnalistikasında “Ayətxan Ziyad” imzasından danışmaq, əslində, yalnız bir jurnalistin fəaliyyətindən danışmaq deyil, bu, sözə bağlanmış 57 illik ömrün tarixçəsindən danışmaqdır.
1969-cu ilin avqustunda iki məqalənin çapı ilə başlayan yolun 2026-cı ildə də davam etməsi bu imzanın ən mühüm faktıdır. Çünki yaradıcılığın həqiqi ölçüsü yalnız nə qədər yazmaqla deyil, nə qədər müddət sözə sadiq qalmaqla müəyyən olunur.
“Ayətxan Ziyad” imzasının Azərbaycan jurnalistikasındakı çəkisi də məhz bu sadiqliyin içindədir.
Bir vaxtlar qəzet səhifəsində görünən gənc imza bu gün artıq özündən əvvəlki onillikləri də, öz dövrünün insanlarını da, Azərbaycan mətbuatının keçdiyi böyük dəyişiklikləri də yaddaşında daşıyan bir yaradıcılıq nişanəsinə çevrilib.
Və bəlkə də ən mühüm nəticə elə budur:
İllər insanı dəyişir.
Zaman jurnalistikanı dəyişir.
Mətbuatın vasitələri dəyişir.
Amma həqiqi imza dəyişmədən qalmağı bacarırsa, artıq o, sadəcə imza deyil - yaradıcılıq tarixinin bir hissəsidir.
Azərbaycan yazısında “Ayətxan Ziyad” imzası da belə bir yaddaşın adıdır.
Sevda Ziyad (Nuriyeva),
araşdırmaçı
Ən son xəbərləri səhifəmizdən də izləyin