https://innews.media/uploads/news/2026-07/_innews_7f9ecf0be511f477c9b52cff6_o.jpg
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı Dövlət Universitetində magistrantların dissertasiya işlərinin müdafiəsində iştirak edib.
"INNews Media" xəbər verir ki, Ombudsman bununla bağlı sosial media hesabında paylaşım edib.
Səbinə Əliyeva bildirib ki, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin əsas şərtlərindən biri yüksək hüquqi biliklərə, müasir düşüncəyə, peşə etikası və ədalət prinsipinə sadiq hüquqşünas kadrların yetişdirilməsidir.
Onun sözlərinə görə, hüquq təhsilinin keyfiyyətinin yüksəldilməsi, elmi araşdırmaların təşviqi və gənc mütəxəssislərin potensialının dəstəklənməsi Ombudsman təsisatının da daim diqqət mərkəzində olan məsələlərdəndir.
Ombudsman qeyd edib ki, dissertasiya müdafiəsi zamanı gənclərin nümayiş etdirdiyi elmi hazırlıq, analitik yanaşma və hüquqi təfəkkür gələcəyimizə olan inamı daha da artırır.
"Əminəm ki, bu gün ilk uğurlu elmi addımlarını atan gənclər sabah insan hüquq və azadlıqlarının müdafiəsinə, hüququn aliliyinin möhkəmləndirilməsinə və cəmiyyətimizdə ədalət dəyərlərinin inkişafına layiqli töhfələr verəcəklər", – deyə Səbinə Əliyeva vurğulayıb.
O, həmçinin bildirib ki, elm və təhsilə qoyulan hər bir sərmayə insan kapitalına, hüquqi dövlətin möhkəmlənməsinə və cəmiyyətin davamlı inkişafına xidmət edir.
Sonda Ombudsman gənc hüquqşünaslara gələcək elmi və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb, onların əldə etdikləri bilik və bacarıqları insan hüquqlarının müdafiəsi, cəmiyyətin inkişafı naminə səmərəli şəkildə tətbiq edəcəklərinə inandığını ifadə edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin