logo
19-cu Bakı Yay Enerji Məktəbi uğurla başa çatdı

19-cu Bakı Yay Enerji Məktəbi uğurla başa çatdı

19-cu Bakı Yay Enerji Məktəbi uğurla başa çatdı 19-cu Bakı Yay Enerji Məktəbi uğurla başa çatdı

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) tərəfindən ADA Universiteti Fondu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), bp və KOLİN şirkətlərinin tərəfdaşlığı ilə təşkil olunan 19-cu Bakı Yay Enerji Məktəbi (BSES) iki həftəlik intensiv akademik proqram, səfərlər və yüksək səviyyəli enerji müzakirələri ilə uğurla yekunlaşdı. 23 iyun – 4 iyul tarixlərində keçirilən proqramda 14 ölkədən təxminən 50 iştirakçı – mütəxəsislər, tədqiqatçılar və dövlət rəsmiləri iştirak edib.

Bu il proqram “Enerji Bağlantısı” mövzusuna həsr olunaraq Xəzər regionunun qlobal enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və iqlim dəyişikliyinə uyğunlaşma sahəsində artan rolunu araşdırdı.

İki həftə ərzində iştirakçılar enerji, ətraf mühit, bərpa olunan enerji, enerji hüququ, geosiyasət, enerji iqtisadiyyatı, iqlim dəyişikliyi, dayanıqlı inkişaf, Xəzər regionunun strateji enerji əhəmiyyəti, davamlı enerji gələcəyi, enerji diplomatiyası və enerji sənayesində strateji idarəetmə kimi geniş mövzuları əhatə edən ekspert sessiyalarına qatıldılar.

Bu sessiyalarda çıxış edənlər arasında Dr. Elnur Soltanov (Energetika nazirinin müavini), Dr. Michael Denison (bp, Beynəlxalq Məsləhətçi Qrupunun rəhbəri), Orxan Zeynalov (Energetika nazirinin müavini), Fəqan Abdurəhmanov (Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini), Dr. Bəxtiyar Aslanbəyli (bp-nin Xəzər regionu üzrə vitse-prezidenti), Dr. Vitaliy Baylarbayov (SOCAR-ın vitse-prezident müavini), Dr. Brenda Shaffer (ABŞ Dəniz Donanması Ali Məktəbinin professoru), Dr. Samuel Furfari (London Biznes Məktəbinin professoru), Elçin Tərğuluyev (SOCAR Green üzrə Günəş və Külək Enerjisi üzrə ekspert), Əli Oruczadə (SOCAR Green-də maraqlı tərəflərlə iş üzrə menecer), Murad Sadıxov (Masdar şirkətinin ölkə üzrə meneceri), Dr. Molnar Ferenc (MVM Ltd.-nin məsləhətçisi, Obuda Universiteti), Cahangir Araslı (IDD-nin baş tədqiqatçısı), Prof. Damjan Krnjevic (IDD-də Siyasət Araşdırmaları və Nəşrlər üzrə direktor), John Roberts (Methinks, enerji təhlükəsizliyi üzrə ekspert), Yalçın Rəfiyev (Xarici İşlər nazirinin müavini), Əhməd Humbətov (IDD-də Enerji və Dayanıqlı İnkişaf Proqramının baş tədqiqatçısı), Şahin İsmayılov (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Beynəlxalq Əlaqələr şöbəsinin müdiri), Əli Əliyev (AZCON-un baş kommunikasiya inzibatçısı), Valeh Ələsgərov (Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri) və Bəhruz Bəhramov (Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) baş direktorunun müavini) yer aldı.

Proqram çərçivəsində iştirakçılar Neft Daşlarına, SOCAR Enerji Muzeyinə, Bakı Nobel İrsi Fonduna, Masdar şirkətinin Qaradağdakı bərpa olunan enerji obyektinə və Bakı şəhər turuna qatılaraq Azərbaycanın yaşıl enerjiyə keçid prosesi ilə yaxından tanış oldular.

Proqramın sonunda ADA Universitetinin prorektoru və IDD-nin direktoru Dr. Fariz İsmayılzadə və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Dr. Bəxtiyar Aslanbəyli tərəfindən iştirakçılara sertifikatlar təqdim olundu.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin