logo
Şərqdə qadın filosof tərəfindən yazılmış ilk fəlsəfi sistem

Şərqdə qadın filosof tərəfindən yazılmış ilk fəlsəfi sistem

Şərqdə qadın filosof tərəfindən yazılmış ilk fəlsəfi sistem Şərqdə qadın filosof tərəfindən yazılmış ilk fəlsəfi sistem

Tanınmış filosof alim, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin iki cildlik “Sufi fenomenologiya” adlı monoqrafiyası işıq üzü görüb.

Əsər düşüncə tarixində yeni fəlsəfi sistemin təqdimidir. Burada ruhani təcrübə ilə şüur təcrübəsinin vahid strukturu işığında varlıq probleminə və idrak nəzəriy­yə­sinə yeni bir baxış bucağı açılır. Təməlində sufizm və fenomenologiya dursa da, mono­qra­fi­yada va­hid xəttin və başlıca ideyanın əsaslandırılması məqsədilə antik yunan döv­rün­dən baş­layaraq bir çox fəlsəfələrə, fəaliyyət sahələrinə, hətta dəqiq elmlərə, xüsu­si­lə kvant fi­zi­kasına müraciət olunur.

Müəllifin kitabın girişində qeyd etdiyinə görə, əsər 17 ildən artıq müddətdə aparılan təd­qi­qa­tın nəticəsidir. Doktorluq dissertasiyasında irrasional id­ra­­kın araş­dırılması ilə başlayan bu düşüncə xətti fərqli vaxtlarda ki­tab, mə­qalə, kon­frans məruzələri kimi işıq üzü görmüş, su­fizm və feno­me­no­logiya arasında müxtəlif aspektlərdə aparılan mü­qayisəli təhlillər bir növ va­hid sistemin ayrı-ayrı detalları kimi işlənmişdir.

Könül Bünyadzadə onu da əlavə edir ki, su­fi fe­nomenologiya iki fəlsəfi nəzəriyyənin kəsişən məqam­ları əsa­sında doğu­lan yeni ideyaların sistemli təqdimidir, varlığa və idraka yeni baxış bucağıdır.

Filosof alimin əvvəlki tədqiqatlarından fərqli olaraq əsərdə fəlsəfə tarixi cü­zi yer tutur. Burada vahid ideya xəttini qorumaq üçün başqa filo­sof­la­rın, mü­tə­fək­kir­lərin oxşar məsələ ilə bağlı düşüncələrinə müraciət olunub, lakin onların təhli­li­nə ayrıca yer ayrılmır. Bu, hər oxucunun öz ix­ti­ya­rı­na buraxılır.

Yeni nəşrdə həm müqəddəs kitablara, həm də elmi dəlillərə müraciət edilir. Ancaq sufi fenomenologiya nə təfsirdir, nə elmin fəl­sə­fəsi. Bu üsulla sadəcə ru­hani təc­rü­bə­­yə və rasional şüura istinad edən dü­şün­cə­lə­r əsaslandırılır.

Müəllifin bildirdiyinə görə, monoqrafiyanın yazılmasında tanınmış filosof, fenomenologiyanın təməlini qoyan Edmund Husserlin “Saf fe­no­menologiya və fenomenoloji fəlsəfə haqqında ideyalar (I ki­tab)” əsəri nümunə olaraq götü­rü­lmüşdür. Eyni za­man­da, əsərdə məhz sufizmin prinsiplərin­dən istifadə olunmuşdur: bir tərəf­dən, mülahizələr sa­də­dən mürəkkəbə doğru hərəkət edir, di­gər tərəfdən, eyni möv­zuya tək­rar, hər dəfə daha dərin kontekstdə qayıdılır. Məqsəd hə­qi­qəti bü­töv şəkildə təqdim etməklə yanaşı, həm də mahiyyəti kö­məkçi ide­ya­lardan ayırmaqdır.

Monoqrafiyanın birinci cildi sufi fenomenologiyaya girişi və yeni fəlsəfənin əsas­larını, ikinci cild isə sufi fenomenoloji metodologiya və ağıl haq­qın­da mülahizələri, təhlilləri ehtiva edir.

Qeyd edək ki, “Sufi fenomenologiya” Şərq düşüncə tarixində qadın filosof tərəfindən yazılmış ilk fəlsəfi sistemdir. Əsərin əsas ideyaları artıq bir neçə beynəlxalq konfransda təqdim edilmiş, nüfuzlu elmi jurnallarda dərc olunmuşdur və bu prosess hazırda davam etməkdədir.   

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media