https://innews.media/uploads/news/2022-11/_innews_225069c8386638ad476398fd7_o.jpg
Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində “Salam, Məşədi” adlı kitabın təqdimat mərasimi keçirildi. Mərkəzin nəşrləri seriyasından növbəti kitab əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilib.
Təqdimatdan öncə iştirakçılar BMM-nin foyesində xanəndənin büstü önünə tər çiçəklər qoyaraq xatirəsini yad etdilər.
“Dəyirmi masa” layihəsi çərçivəsində təşkil edilən təqdimatda ədəbiyyatşünas Əsəd Cahangir çıxış edərək kitabın ərsəyə gəlməsi və müəllif Gülhüseyn Kazımlının tədqiqatçı kimi fəaliyyətindən söz açdı. Bildirdi ki, 150 illiyi qeyd edilən M.M.Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində yetişib. Bir müddət Gəncədə yaşayıb.1929-cu ildə Vladiqafqaz, Tiflis və başqa şəhərlərdə, Avropanın bir sıra ölkələrində qastrolda olub, daha sonra Türkiyəyə gedib və ömrünün sonuna, 1962-ci ilə qədər qardaş ölkədə yaşayıb, aktiv musiqiçi həyatı keçirib. Tarzən Hüseyn bəy Qasımla birgə “Azərimüzik heyəti” adlı kollektiv yaradıb. Bu heyətdə 20-30 nəfər xanəndə, aktyor, qiraətçi və sair kimi sənət nümayəndələri toplanıblar. Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada Azərbaycan musiqisini təbliğ edib, konsertlər keçiriblər.
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov M.M.Fərzəliyevin ifaçılıq xüsusiyyətləri, Azərbaycan muğam sənətində xidmətlərindən söz açdı. Xalq artisti , kitabda ön söz müəllifi Sərdar Fərəcov çıxışında qeyd etdi ki, M. M. Fərzəliyev xüsusi istedada, güclü səsə , böyük səs diapazonuna malik xanəndə kimi şöhrət qazanmışdı. Kitabın maraqlı məziyyətləri çoxdur. Burada tarixi faktlar, qədim fotolar, dövrümüzün muğam ustadlarının fikirləri də , daş valların surətləri də səliqəli şəkildə əks olunub. Xanəndənin “Sport-Rekord”, “Pate” firmalarındakı ifalarının 1912-ci ildəki kataloqu elmi məziyyəti daha da artırır. Bu kataloq xanəndənin repertuarı haqında böyük təəssürat yaradır.
Professor Abbasqulu Nəcəfzadə, Əməkdar artist , tarzən Valeh Rəhimov , kitabın redaktoru Kənan Hacı kitabın musiqi mədəniyyətinə bir töhfə olacağını, muğam irsimizin öyrənilməsində dəyərli mənbələrdən biri kimi dəyərləndirdilər. “Şüştər” muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyan xanəndənin irsinin araşdırılmasının önəmindən bəhs etdilər. Bildirildi ki, kitabda muğam tariximizlə maraqlanan oxucular müəllifin axtarışları nəticəsində tədqiqat qrupunun üzvü Dilqəm Əhməd tərəfindən xanəndəyə aid Türkiyə arxivlərində aşkar edilmiş sənədlər, həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında düşüncələri ilə tanış ola biləcəklər.
Təqdimatda xanəndənin Azərbaycan Dövlət Səs Yazıları Arxivində aşkarlanan ifaları səsləndirildi. Tədbir Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Sevinc Sarıyeva, xanəndə Ağakərim Nafiz və gənc xanəndə Daşqın Kürçaylının ifaları ilə davam etdi.
Qeyd edək ki, BMM silsilə olaraq mərkəzin foyesində büstləri qoyulan sənətkarların həyat və yaradıcılığına həsr edilən kitabları nəşr edərək oxuculara təqdim edir. Bu günə kimi Bülbülcan, Sadıqcan, Xan Şuşinski, Sara Qədimova və başqa sənətkarlarla bağlı kitablar işıq üzü görüb.
Ən son xəbərləri səhifəmizdən də izləyin