https://innews.media/uploads/news/2026-07/_innews_7b453962a03e36bb1a8f1f8c3_o.jpg
"Kalkınma Elçiləri" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan iştirakçılar ölkənin tarixi və mədəni irsi ilə tanış olmaqla yanaşı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) həyata keçirdiyi sosial layihələri də yaxından izləyiblər.
"innews media" xəbər verir ki, layihə iştirakçısı Məhəmməd Cəmil səfər çərçivəsində ilk ziyarət etdikləri məkanlardan birinin Türk Şəhidliyi olduğunu bildirib.
Onun sözlərinə görə, bu ziyarət onlar üçün həm qürur, həm də dərin duyğularla yadda qalıb.
"Hazırda Türk Şəhidliyindəyik. Burada olmaq bizim üçün böyük qürur mənbəyidir. Şəhidlərimizin Azərbaycanın azadlığı uğrunda qəhrəmancasına canlarından keçdiklərini yerində görmək bizə çox təsir etdi."
Məhəmməd Cəmil qeyd edib ki, səfər zamanı TİKA-nın Azərbaycanda həyata keçirdiyi çoxsaylı layihələrlə yaxından tanış olublar.
"Bu proqram çərçivəsində bir çox layihəni ziyarət etdik. Gördük ki, TİKA-nın fəaliyyəti yalnız maddi və texniki dəstəklə məhdudlaşmır. Təşkilat insanların həyatına, sevincinə və ümidinə toxunan layihələr həyata keçirir."
O bildirib ki, TİKA xüsusilə sosial layihələr vasitəsilə cəmiyyətin həssas təbəqələrinə dəstək göstərir.
"TİKA Qarabağ şəhidlərinin ailələrinin ağrı-acısını bölüşür, dializ müalicəsi alan xəstələrə ümid olur, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer ailələrinə dəstək verir. Bunları yerində görmək bizim üçün böyük qürur hissi yaratdı."
Layihə iştirakçısı Azərbaycan xalqının qonaqpərvərliyindən də məmnunluğunu ifadə edib.
"Can Azərbaycan xalqı bizi çox səmimi qarşıladı. Hər zaman gülərüz göstərdilər, halımızı soruşdular və bizimlə mehriban davrandılar. Türkiyədən gəlsək də, özümüzü heç vaxt xarici ölkədə hiss etmədik."
Məhəmməd Cəmil vurğulayıb ki, bu səfər Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərini daha yaxından hiss etmələrinə imkan yaradıb.
"Bu səfər sayəsində 'İki dövlət, bir millət' ifadəsinin nə qədər dərin məna daşıdığını bir daha hiss etdik. Allah Türkiyə ilə Azərbaycanın qardaşlığını daim etsin və bu birliyi hər zaman qorusun."
Ən son xəbərləri səhifəmizdən də izləyin