https://innews.media/uploads/news/2026-07/_innews_ec409cc88be76a233f5b1e0b4_o.jpg
Türk dünyasının ilk beynəlxalq riyaziyyat olimpiadası olan Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiadası - TIMO 2026-nın açılış mərasimi Bakıda keçirilib.
İyulun 2-də Elektra Events Hallda təşkil olunan mərasimdə Azərbaycan, Albaniya, Bolqarıstan, Hindistan, Kosovo, Filippin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan və Türkiyə olmaqla 13 ölkədən gələn şagirdlər, müəllimlər, valideynlər, beynəlxalq qonaqlar, diplomatik korpusun nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə olimpiadanın əsas məqsədinin istedadlı şagirdləri bir araya gətirmək, onların riyaziyyata və elmə marağını artırmaq, beynəlxalq dostluq və əməkdaşlıq mühitini gücləndirmək olduğu vurğulanıb.
Açılış mərasimi xüsusi geri sayım təqdimatı ilə başlayıb. Daha sonra Azərbaycanın mədəniyyətini, incəsənətini və tarixini əks etdirən çıxışlar, həmçinin ölkəmizin zəngin irsindən bəhs edən videoçarxlar nümayiş olunub.
Tədbirdə çıxış edən TIMO-nun vitse-prezidenti cənab Eyvaz Qafarov beynəlxalq olimpiadaların yalnız akademik biliklərin yoxlanılması ilə məhdudlaşmadığını bildirib. O qeyd edib ki, bu cür yarışmalar şagirdlər arasında dostluq əlaqələrinin qurulmasına, komanda işi bacarıqlarının inkişafına və müxtəlif ölkələrdən olan gənclərin bir-biri ilə ünsiyyət imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Açılış mərasimində iştirak edən “Einstein” Olimpiadasının Akademik Şurasının üzvü Romulo Neves şagirdlərlə praktik çalışmalar həyata keçirib, onlara elm və uğur yolunda motivasiya xarakterli tövsiyələr verib.
Mərasimdə müxtəlif ölkələrin Azərbaycandakı səfirlik və dövlət nümayəndəliklərinin təmsilçiləri də iştirak ediblər. Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri, həmçinin Rusiya, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri tədbirə qatılıblar.
Çıxışlarda Azərbaycanda keçirilən bu beynəlxalq olimpiadanın şagirdlər üçün mühüm imkan olduğu, tədbirin ölkələr arasında təhsil, mədəniyyət və dostluq əlaqələrinin inkişafına xidmət etdiyi qeyd edilib.
Mərasimdə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov da çıxış edib. Səfir çıxışında TİMO 2026-nın Türk dünyası ölkələri arasında təhsil, elm və dostluq əlaqələrinin gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. O, olimpiadada iştirak edən bütün şagirdlərə uğurlar arzulayıb və belə beynəlxalq tədbirlərin gənclərin inkişafında xüsusi rol oynadığını qeyd edib.
Hindistanın Azərbaycandakı səfiri cənab Abhay Kumar çıxışına Azərbaycan dilində salamlamayla başlayaraq ölkəmizə olan sevgisini ifadə edib. O, TIMO kimi beynəlxalq olimpiadaların şagirdlərin inkişafı üçün böyük imkan yaratdığını bildirib və gəncləri bu cür yarışmalarda fəal iştirak etməyə çağırıb.
Açılış mərasiminin sonunda iştirakçı ölkələrin təntənəli paradı keçirilib. Paradda şagirdlər öz ölkələrini təqdim edərək səhnəyə çıxıb və TİMO 2026-nın beynəlxalq birlik, elm və dostluq ruhunu nümayiş etdiriblər.
Qeyd edək ki, TİMO - Turkic International Mathematical Olympiad Türk dünyasının ilk beynəlxalq riyaziyyat olimpiadasıdır. Olimpiada ilk dəfə 2024-cü ildə İstanbul şəhərində - İstanbul Texniki Universiteti və İstanbul Universitetinin ev sahibliyi ilə keçirilib. İkinci il olimpiadaya Akdeniz Universiteti ev sahibliyi edib. 2026-cı ildə isə TİMO-nun üçüncü buraxılışı Bakıda təşkil olunur.
Olimpiada çərçivəsində şagirdlər iyulun 4-də “Crystal Hall”da riyaziyyat üzrə biliklərini sınayacaqlar. İyulun 5-də keçiriləcək bağlanış və mükafatlandırma mərasimində isə TIMO 2026-nın qalib və mükafatçılarının adları açıqlanacaq.
Qeyd edək ki, TIMO 2026 Global Olympiad Center tərəfindən təşkil olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin