logo
Etibarlı tərəfdaşlığın yeni mərhələsi

Etibarlı tərəfdaşlığın yeni mərhələsi

Etibarlı tərəfdaşlığın yeni mərhələsi Etibarlı tərəfdaşlığın yeni mərhələsi

Son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər dövlətləri ixrac marşrutlarını yenidən nəzərdən keçirməyə vadar edir. Bu baxımdan Qazaxıstanın neft ixracı strategiyasında etdiyi dəyişikliklər xüsusi diqqət çəkir.

Rəsmi Astanadan verilən açıqlamalar göstərir ki, Qazaxıstan Rusiya üzərindən həyata keçirilən ənənəvi marşrutlarla yanaşı, alternativ və etibarlı istiqamətlərə üstünlük verməyə başlayıb. Bu istiqamətlərin başında isə Azərbaycan dayanır.

Qazaxıstanın enerji naziri Erlan Akkenjenovun bildirdiyinə görə, Bakı–Tiflis–Ceyhan (BTC) boru kəməri vasitəsilə neft ixracının həcmi mərhələli şəkildə artırılır. Əgər 2025-ci ildə bu marşrutla 1,3–1,4 milyon ton neft daşınıbsa, 2026-cı ildə bu göstəricinin 1,6–1,7 milyon tona çatacağı gözlənilir. Uzunmüddətli perspektivdə isə BTC xətti ilə ixrac həcmlərinin 7 milyon tona qədər artırılması imkanları mövcuddur.

Bu qərar təsadüfi deyil. Qazaxıstan üçün ixrac marşrutlarının şaxələndirilməsi milli enerji təhlükəsizliyinin əsas elementlərindən biridir. Məhz bu məqamda Azərbaycan Qazaxıstan üçün etibarlı tranzit tərəfdaşı kimi çıxış edir.

Azərbaycan uzun illərdir ki, regionda sabit, proqnozlaşdırılan və beynəlxalq standartlara cavab verən enerji infrastrukturuna malikdir. Qazaxıstanla Azərbaycan arasındakı münasibətlər təkcə iqtisadi maraqlarla məhdudlaşmır. İki ölkə arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri formalaşıb. Tarixi, mədəni və siyasi yaxınlıq bu tərəfdaşlığı daha da möhkəmləndirir.

Qazaxıstanın neft ixracında Azərbaycanın tranzit imkanlarına daha çox güvənməsi, məhz bu etibarın real təzahürüdür. Beləliklə, BTC marşrutunun ön plana çıxması həm Qazaxıstanın ixrac risklərini azaltmaq strategiyasına, həm də Azərbaycanın regional enerji mərkəzi kimi rolunun güclənməsinə xidmət edir.  

Bu əməkdaşlıq - Xəzər regionunda sabitliyin, iqtisadi inteqrasiyanın və dost dövlətlər arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Müəllif: Qəvami Sadıqbəyli

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin