https://innews.media/uploads/news/2025-06/_innews_4b3d0977c0717fdf420746d6f_o.jpg
İyunun 18-də Bakı Slavyan Universitetində “Konstitusiya və Suverenlik İli” Tədbirlər Planı çərçivəsində “Hatıralar İşığında Haydar Aliyev” kitabının təqdimatı keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Xalq rəssamı Arif Hüseynov və Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqində çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, Azərbaycançılıq məfkurəsinin və müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ulu Öndər Heydər Əliyevin irsinin elmi cəhətdən öyrənilməsi və tədqiqi, həmçinin bu irsin gənc nəslə ötürülməsi milli kimliyin və dövlətçiliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Anar Nağıyev qeyd edib ki, “Hatıralar İşığında Haydar Aliyev” adlı kitabın müəllifi BSU-nun Jurnalistika kafedrasının professoru Etibar Babayevin fəaliyyətinin böyük bir hissəsi məhz Ulu Öndərlə bağlı olub və belə şəxslərin xatirələrinin kitab şəklində toplanaraq geniş ictimaiyyətə təqdim edilməsi böyük əhəmiyyət kəsb edir.
A.Nağıyev çıxışında Albaniyanın Tirana şəhərinə səfəri zamanı orada yerləşən ən böyük kitab satış mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş və alban dilində nəşr edilən “Xatirələr işığında Heydər Əliyev” kitabı ilə qarşılaşdığını bildirib. O, həmin kitabın satışda cəmi bir neçə nüsxəsinin qaldığını müşahidə etdiyini və bunun oxucular tərəfindən kitaba böyük marağın göstəricisi olduğunu qeyd edib.
Çıxışının sonunda rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyev haqqında yazılan bütün əsərlərdə, xüsusilə də onunla şəxsən tanış olan müəlliflərin qələmə aldığı kitablar öz dili ilə danışır, oxucuya hər şeyi təsvir edir. O, “Hatıralar İşığında Haydar Aliyev” kitabının müəllifi Etibar Babayevə və digər qonaqlara təşəkkürünü bildirib.
BSU-nun Jurnalistika kafedrasının professoru, Xatirələr işığında Heydər Əliyev” adlı kitabın müəllifi Etibar Babayev kitab barədə geniş məlumat verib və Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, həmçinin qeyd edib ki, nəşr həm türk, həm də alban dillərində çap olunaraq beynəlxalq auditoriyaya təqdim olunub.
Xalq Rəssamı Arif Hüseynov çıxışında Heydər Əliyevlə görüşlərini həyatının ən dəyərli və unudulmaz anları kimi xarakterizə edib.
Çıxış edən Ümummilli Liderin şəxsi fotoqrafı Rafiq Bağırov Ulu Öndərlə birlikdə keçirdiyi illər ərzində qazandığı təəssüratlarını bölüşüb. Rafiq Bağırov Heydər Əliyevin böyük insani duyğulara sahib bir şəxsiyyət olduğunu, onun hər bir insana fərdi münasibət bəslədiyini, sadəliyi və səmimiyyəti ilə hər kəsin qəlbində özünə yer qazandığını diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçılar arasında müzakirələr aparılıb.