https://innews.media/uploads/news/2025-06/_innews_46ffc7fb174a586b98c36c70b_o.jpg
Bu gün Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə yeniyetmələr (U15, U17) arasında Avropa çempionatı keçirilib.
Qitə birinciliyində ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında U17 komandamız təmsil edib.
B qrupunda yer alan Rəşid Nazarov (60 kq) Xorvatiya güləşçilərinə – Nikola Duriçlə Lovro Vidoviçə, eləcə də ukraynalı İliya Klimçuka 3:0 hesabıyla qalib gəlib. Qrup lideri kimi yarımfinala yüksələn Nazarov final uğrunda mübarizədə gürcüstanlı Rati Beridzeyə son saniyələrdə məğlub olub – 2:3. Rəşid bürünc medal uğrunda qarşılaşmada yenidən Klimçukla üz-üzə gəlib. Bu dəfə rəqibinə xal verməyən (3:0) Nazarov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Ruslan Vəliyev (70 kq) A qrupunda yunanıstanlı Yannis Apostolla ukraynalı İvan Zaliskonu 3:0 hesabıyla üstələyib. Xorvatiyalı Leon Kuzman güləşmədiyi üçün Vəliyev hesabına texniki qələbə də yazdırıb. Ruslan qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Onunla eyni çəkidə çıxış edən Ayxan Quliyev C qrupunda keçirdiyi ilk görüşdə gürcüstanlı Luka Maxaradze 1:3 hesabıyla məğlub olsa da, xorvatiyalı Toma Jelenç güləşmədiyi üçün texniki qələbə qazanıb, ardınca fransalı Tomas Reborqdan güclü olub – 3:1. Təmsilçilərimiz yarımfinalda üz-üzə gəlib. Ruslan Ayxanla mübarizədən qalib ayrılıb – 4:1. Quliyev bürünc medal uğrunda qarşılaşmada Bidzina Jintçaradze ilə bacarmayıb – 0:4. Ancaq Vəliyev həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Luka Maxaradzeyə 3:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.
Nihad Süleymanlı (80 kq) debütdə britaniyalı Marşal Everetə 3:0 hesabıyla qalib gələrək A qrupuna vəsiqə qazanıb. Nihad qrup mərhələsində gürcüstanlı Nuradin Mustafayevi 3:1, yunanıstanlı Panagiotis Kiparissopulosla macarıstanlı Norbert Tapodini isə 3:0 hesabıyla məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib. Süleymanlı bu mərhələdə gürcüstanlı Zebur Abaşidzeyə də heç bir şans tanımayıb – 3:0. Nihad finalda yenidən Mustafayevlə qarşılaşıb və rəqibə revanş almağa imkan verməyib. 4:1 hesablı qələbəyə sevinən Süleymanlı qızıl medalı boynundan asıb.
Beləliklə, millimiz Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanıb. Medalların əyarına görə, bütün ölkələri qabaqlayan Azərbaycan xala görə sıralamada 3-cü yeri tutub. 65 xal toplayan komandamız Gürcüstan (85) və Ukraynadan (70) geri qalıb.
Xatırladaq ki, qitə birinciliyində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.
Ən son xəbərləri səhifəmizdən də izləyin