logo
Praqada 18-ci Beynəlxalq “Caspian Investment Forum Prague 2024” işə başlayıb

Praqada 18-ci Beynəlxalq “Caspian Investment Forum Prague 2024” işə başlayıb

Praqada 18-ci Beynəlxalq “Caspian Investment Forum Prague 2024” işə başlayıb Praqada 18-ci Beynəlxalq “Caspian Investment Forum Prague 2024” işə başlayıb

Bu gün Praqada 18 məruzəçinin iştirakı ilə 18-ci Beynəlxalq “Caspian Investment Forum Prague 2024” işə başlayıb.

Bu barədə “Caspian Energy Czechia”nın İdarə Heyətinin sədri Zaur Qədirov bildirib.

Bu, indiyədək keçirilən forumlar arasında rekord sayda məruzəçisi olan forumdur. İştirakçılar qeydiyyatdan sonra Praqa Konqres Mərkəzinin zalında təqdim olunan incəsənət və kitab sərgisi ilə tanış olublar.

Azərbaycan Yazıçılar Birliyinin, Britaniya Poeziya Cəmiyyətinin, Avropa Yazıçılar Konqresinin üzvü, “Natavan” cəmiyyətinin yaradıcısı, Azərbaycanın Əməkdar artisti, tanınmış şairə Leyla Begimin, eləcə də Azərbaycan əməkdar incəsənət xadimi Bəhram Bağırzadənin kitabları forum iştirakçılarında böyük təəssürat yaradıb.

Forumun moderatoru olan Çexiyadakı “Financial Chain Corporation”ın regional meneceri Teymur Axundovun salamlama nitqindən sonra forum öz işinə başlayıb. Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov, Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Financial Chain Corporation”ın idarəedici tərəfdaşı, “Caspian Energy Club Czechia”nın İdarə Heyətinin sədri Zaur Qədirov tədbir iştirakçılarını salamlayıb və belə bir tədbirin ölkələr arasında iqtisadi əlaqələrin inkişafına əhəmiyyətini vurğulayıblar.

“Hüquqi mühit: Aİ-nin mürəkkəb normativ-hüquqi bazasında oriyentasiya və onun sərhədləri daxilində fəaliyyət göstərən bizneslərə təsirinin anlaşılması” adlanan birinci sessiyada məruzəçi qismində Çexiya Sənaye və Ticarət Nazirliyinin Xarici İqtisadi Siyasət Departamentinin direktoru Martin Postpisil, iqtisadçı, məsləhətçi, Çexiya-Ukrayna Ticarət və Sənaye Palatasının keçmiş sədri Petr Krumphanzl və Xarici İnvestisiya Assosiasiyasının sədri Kamil Blazek çıxış ediblər.

Qeyd edək ki, tədbirin məqsədi ölkələr arasında işgüzar əlaqələrin genişləndirilməsi, investisiya və əməkdaşlıq üçün yeni imkanların yaradılması, həmçinin müxtəlif ölkələrin biznes mühiti haqqında fikir mübadiləsinin aparılmasıdır. Həm dövlət qurumlarının nümayəndələrinin, həm də biznes mühitinin potensial tərəfdaşlarının iştirakı ilə keçirilən forumun təşkilatçıları “Joint Bridges” və “Caspian Energy Club Czechia”, platin sponsoru isə “Financial Chain Corporation”dır. Foruma rəsmi dəstək Azərbaycanın Çexiyadakı səfirliyi və Türkiyənin Çexiyadakı səfirliyi tərəfindən göstərilir.

Forumun sponsorları “Energazer”, “Philips” və “Evintel”dir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media