Mayın 4-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.
Tədbirdə Müdafiə, Gənclər və İdman, Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları, Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri, hərbi liseyin zabitləri, eləcə də “Şahin” hərbi-idman oyununun hakimləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər iştirakçı komandalara uğurlar arzulayıb, “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsədin məktəblilərin fiziki sağlamlığının möhkəmləndirilməsi və çağırışçı gənclərin hərbi xidmətə hazırlığının artırılmasından ibarət olduğunu qeyd ediblər. Bildirilib ki, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolu əvəzsizdir.
Rəsmi mərasimdən sonra hərbi liseyin kursantları və məktəblilər hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçiblər.
Ümummilikdə 12 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Yekun nəticələrə əsasən Sabunçu rayon komandası I yerə layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik sektorunun müdiri - Elşən Hüseynov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu tərəfindən diplom və kubokla mükafatlandırılıblar.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunlarının Bakı şəhəri üzrə zona mərhələsinin qalibi cari ilin iyun ayında “Gənclər paytaxtı” Lənkəranda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin