logo
BDU-da professor Sərhəddin Abdullayevin 85 illik yubileyi qeyd olunub

BDU-da professor Sərhəddin Abdullayevin 85 illik yubileyi qeyd olunub

BDU-da professor Sərhəddin Abdullayevin 85 illik yubileyi qeyd olunub BDU-da professor Sərhəddin Abdullayevin 85 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Nəzəri fizika kafedrasının professoru Sərhəddin Abdullayevin anadan olmasının 85 illiyi və elmi fəaliyyətinin 65 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbiri fakültə dekanı Bəxtiyar Paşayev açıq elan edərək, professor Sərhəddin Abdullayevin həyat yolu, elmi-pedaqoji fəaliyyəti barədə danışıb. O, qeyd edib ki, elmin yüksək zirvələrini fəth etmiş alimlərdən biri də, respublikada elmin inkişafına sanballı töhfələr bəxş etmiş, fizikanın ali və orta məktəblərdə tədrisinin təşkilində, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş, fizika-riyaziyyat elmləri doktoru, professor Sərhəddin Abdullayevdir. Bu il Sərhəddin Abdullayevin anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin isə 65 ili tamam olur.

Sərhəddin Qubaddin oğlu Abdullayev 1939-cu il aprel ayının 14-də Qusar rayonunun Piral kəndində dünyaya göz açıb. 1958-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub, əla qiymətlərlə oxuduğu üçün o, adlı təqaüdə – “Lenin təqaüdü”nə layiq görülüb. 1963-cü ildə fərqlənmə diplomu ilə bitirib, bir il Quba rayonunun Qımıl kənd məktəbində fizika müəllimi işləyib. 1964-cü ildə görkəmli alim,  Azərbaycanda Nəzəri fizika məktəbinin yaradıcısı professor Abdulla Muxtarovun dəvəti və dəstəyi ilə Bakı Dövlət Universitetində Nəzəri fizika ixtisası üzrə aspiranturaya qəbul olub. Sərhəddin Abdullayev 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

1967-ci ildən Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb. Sərhəddin Abdullayev 1996-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. O, 1997-ci ildə professor elmi adını alıb.

Onun rəhbərliyi ilə 6 nəfər Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edib. O, eyni zamanda çox sayda magistr dissertasiya işlərinin rəhbəri olub. Respublika və xarici ölkələrin mətbuatında dərc olunmuş 500-ə yaxın elmi əsərin, o cümlədən, 3 monoqrafiyanın, 27 dərsliyin, 65 dərs vəsaitinin, 26 metodik vəsaitin və 12 tədris proqramının müəllifidir.

Sərhəddin Abdullayev pedaqoji fəaliyyətini uğurla davam etdirir.

Sərhəddin Abdullayevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. o, 2014-cü ildə “Qabaqcıl təhsil işçisi” döş nişanına, 2016-cı ildə “Qızıl qələm” mükafatına. O, 2019-cu ildə Rusiyanın Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" medalı ilə təltif olunub.

Tədbirdə BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri professor Mais Süleymanov, Nəzəri Fizika kafedrasının müdiri Məmməd Rəcəbov, Fizika problemləri ETİ-nin direktoru professor Sədiyar Rəhimov, Biofizika şöbəsinin müdiri Namiq Əhmədov, aparıcı elmi işçi Gülşən Ağayeva, alimin qohumu, qocaman təhsil işçisi Elbrus Əbdülkərimov və Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Beybala Ələsgərov yubilyar haqqında ürək sözlərini söyləyiblər.

Tədbirdə Sərhəddin Abdullayevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub. Sonda yubilyar Sərhəddin Abdullayev çıxış edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media