logo
Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Qazaxda Aqrar Biznes Festivalı keçirilib Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Qazax rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib.  Qazax Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, bank və bank olmayan kredit təşkilatları iştirak ediblər. Türkiyə, Özbəkistan və Qazaxıstanın Azərbaycandakı səfirləri, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəsi də festivalı ziyarət edib, şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.

Tədbirdə çıxış edən natiqlər fermerlərin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyətinə toxunub, kənd təsərrüfatı istehsalçılarının aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıblar.

Qazaxda keçirilən festivalda dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər fermerlər üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələrini bölüşüblər. Festivalın sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı müasir texnikalar, yeni suvarma texnologiyaları və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub. Festivalda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından fermerlər iştirak edib.

Festival çərçivəsində keçirilən kredit yarmarkasında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, bank və bank olmayan kredit təşkilatları tərəfindən fermerlərə güzəştli kreditlər təklif edilib. Fermerlərə aqrar təyinatlı kreditlər və müxtəlif kredit məhsulları barədə ətraflı məlumat verilib.

Fermerlərin maarifləndirilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik Hüquqi Şəxs və Aqrar Xidmətlər Agentliyi Yanında Aqrar Təlim Mərkəzi tərəfindən təlimlər həyata keçirilib. Təlim zamanı mütəxəssislər tərəfindən “Kartofun müasir üsullarla becərilməsi”, “Payızlıq taxıl əkiləcək sahələrin səpinə hazırlanması” mövzularında təqdimatlar keçirilib. Mövzu ətrafında müzakirələr aparılıb, fermerlərin sualları cavablandırılıb.

2024-cü ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin çağırışlarının təşviqatı məqsədilə festivalda təbiətqoruyucu və iqlimədost texnologiyalar nümayiş olunub.

Qeyd edək ki, bu il 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə  “GreenAgroHack” hakaton yarışması keçiriləcək.  Müsabiqə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının hazırlanması, ağıllı həllər, aqrar sahədə innovasiyanın rolu və əhəmiyyətini gənclər arasında təşviq etmək məqsədi daşıyır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media