Azərbaycanda aqrar sığorta mexanizmi haqqında video-çarx hazırlanıb.
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış publisist Müsəllim Həsənovun orijinal ssenarisi və iştirakı ilə ərsəyə gələn videoçarxda aqrar sığorta mexanizminin prinsipləri sadə dillə əks olunub.
Maarifləndirici videoçarxın hazırlanmasında məqsəd dövlətin fermerlərə bu mühüm dəstəyi barədə əhalinin və fermerlərin daha da məlumatlanmasına nail olmaqdır. Müsəllim Həsənov bildirib ki, bu videoçarx kənd təsərrüfatı sahəsində çalışan iş adamlarının aqrar sığorta ilə bağlı maarrifləndirilməsində mühüm rol oynayacaq.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov qeyd edib ki, təsərrüfatlarını sığortalayan fermerlərin sayı və sığorta ödənişləri ilbəil artmaqdadır. Fuad Sadıqov əlavə edib ki, ötən il fermerlərə sığorta ödənişləri 4 milyon manatı keçib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 19 avqust tarixli Fərmanına əsasən yaradılmış Aqrar Sığorta Fondu əkin sahələrini və təsərrüfatları sığortalamaqla fermerlərin gəlirlərini çoxsaylı risklərdən qoruyur.
Artıq müxtəlif təbiət hadisələri – dolu, sel və subasma, torpaq sürüşməsi, fırtına, qasırğa, zərərvericilərin təsiri, ildırım vurma, şaxtavurma, eləcə də yanğın, vəhşi heyvanların hücumu, bitki xəstəlikləri, 3-cü şəxsin hərəkətləri və sair risklər nəticəsində fermerlərə dəyən zərər aqrar sığorta vasitəsilə kompensasiya olunur.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-ni də onların əvəzinə dövlət ödəyir.
Ən son xəbərləri səhifəmizdən də izləyin