https://innews.media/uploads/news/2023-10/_innews_2fbc144f3cf3a091da140eaed_o.jpg
Oktyabrın 17-də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri üçün təşkil etdiyi Böhran kommunikasiyası təlimlərinin açılış mərasimi keçirilib.
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova təlim iştirakçılarını salamlayaraq, onlara proqramın məqsədləri barədə məlumat verməklə yanaşı, eyni zamanda institutun fəaliyyət istiqamətlərindən söhbət açıb. Nərgiz İsmayılova əlavə edib ki, sözügedən təlim proqramı çərçivəsində praktika və nəzəriyyə balanslı, sistematik şəkildə təqdim ediləcək, iştirakçıların müvafiq istiqamət üzrə bilik və bacarıqları yenilənəcək.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çıxışında bildirib ki, bu təlim yalnız öyrənmə təcrübəsi deyil, eyni zamanda təcrübənin tətbiq edilməsi platformasdır. Nazirliyin ötən il üzrə Böhran Vəziyyətlərinin Kommunikasiya Planından bəhs edən Rəşad Bayramov təlimi başa vuran iştirakçıların böhranın mümkün nəticələrini minimuma çatdırmaq üçün lazımi bacarıqlara yiyələnəcəyinə əminliyini ifadə edib.
Təlim proqramını tədris edəcək Media və kommunikasiya üzrə ekspert, ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyeva çıxışında vurğulayıb ki, tədris müddəti ərzində kommunikasiyanın səmərəli təşkilindəki uğur düsturları və şablonlar analiz ediləcək, bu sahədəki təcrübələr araşdırılacaq. Əlavə edib ki, iştirakçılar kommunikasiyanı idarəetmə bacarıqlarını gücləndirməklə effektiv idarəçilik səriştələrini inkişaf etdirəcəklər.
Proqramın təlimçilərindən “Nobel Energy” şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiyalar şöbəsinin rəhbəri Turxan Əhmədov təlim müddəti ərzində real həyatda əksini tapan hadisələr üzərində paralellərin aparılacağını, praktika əsaslı tədrisə üstünlük veriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, təlimdə nazirliyin və tabeli qurumların 60-dan artıq əməkdaşı iştirak edəcək.
Təlimin əsas məqsədi böhran baş verdikdə qurumu və maraqlı tərəfləri təhlükələrdən qorumaq və ya təhlükələrdən irəli gələn təsiri azaltmaq üçün cavab tədbirlərini tədris etməkdir. Həmçinin kommunikasiya auditinin aparılması, risk sahələrinin və potensial təhlükələrin müəyyənləşdirilməsi, böhran ünsiyyətinin və standartlarının inkişaf etdirilməsi təlimin məqsədləri sırasındadır.
Ən son xəbərləri səhifəmizdən də izləyin