Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Siyasət Tədqiqatları İnstitutu ilə birgə Pakistanda 20 yanvar şəhidlərinin anım gününə həsr olunan “Azərbaycan xalqının milli iradəsi və əzmi – 20 yanvar 1990-cı ilin anılması” adlı seminar keçirib.
Seminarda müxtəlif beyin mərkəzlərinin rəhbərləri, tələbələr, Səfirik əməkdaşları, Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov çıxış edərək Azərbaycan tarixinə Qara Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 33 il keçdiyini bildirib.
X.Fərhadov SSRİ rəhbərliyinin qərəzli siyasətinə, o cümlədən yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına Azərbaycan xalqının etiraz səsini boğmaq, Azərbaycanın müstəqilliyə gedən yolunu güc yolu ilə yatırmaq məqsədilə o vaxtkı SSRİ rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı 20 Yanvar qırğınının törədildiyini qeyd edib.
Səfir, Sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalamaqla Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində 150 azərbaycanlının qəddarcasına qətlə yetirildiyini, 744 nəfərin ağır yaralandığı barədə məlumat verib.
X.Fərhadov 20 Yanvar faciəsinin Azərbaycan tarixinə “Qara Yanvar” kimi həkk olunmasına baxmayaraq bu hadisənin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixində qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb.
Diplomat, ümummilli lider Heydər Əliyevin dərhal 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqımız ilə həmrəylik nümayiş etdirdiyini, bu cinayəti kəskin şəkildə pislədiyini, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini vurğulayıb. Səfir, məhz xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun birbaşa təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini bildirib.
Tariximizdə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olunan 1990-cı ilin 20 yanvar tarixində xalqımızın müstəqil yaşamaq uğrunda mübarizə əzminin heç bir zaman qırılmayacağının bütün dünyaya çatdırıldığını bildirən səfir, XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymət verilməli olduğuna diqqəti çəkib.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı bütün hərəkətlərə hər zaman qətiyyətlə cavab veriləcəyini bildirən səfir Vətən müharibəsindən danışaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini xüsusi vurğulayıb.
Çıxışının sonunda Azərbaycan-Pakistan dostluq münasibətlərinə də toxunan X.Fərhadov hər iki ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidləri ehtiramla yad edib.
Tədbirdə çıxış edən Siyasət Tədqiqatları İnstitutunun direktoru Xalid Rəhman, bu İnstitutun direktorunun müavini səfir Seyid Abrar Huseyin, Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm və Pakistanın Milli Elmlər və Texnologiya Universitetinin beynəlxalq sülh və sabitlik mərkəzinin dekanı dosent Tuqral Yamin çıxış edərək Azərbaycan və Pakistan dostluq əlaqələrindən danışıblar. Onlar 20 Yanvar hadisələrindən söhbət açaraq bu hadisənin Azərbaycan xalqının taleyində çox əhəmiyyətli rol oynadığını və ölkənin azadlıq mübarizəsinin simvolu olduğunu qeyd ediblər. Çıxışçılar Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin həmişə uca tutularaq hörmətlə yad ediləcəyini bildiriblər.
Tədbirin sonunda 20 yanvar hadisələri və Azərbaycan – Pakistan əlaqələrinə dair iştirakçıları maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.
Tədbirdə 20 Yanvar hadisələri və şəhidlərin əziz xatirəsi ilə bağlı videoçarx nümayiş etdirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin