https://innews.media/uploads/news/2026-05/_innews_a06f2bbc392404c90e540db96_o.jpg
Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın, ölkəmizin strateji insan resurslarının gücləndirilməsi istiqamətində çoxillik strategiyasının tərkib hissəsi olaraq, məktəblilərin aerokosmik mühəndislik istiqamətində beynəlxalq təcrübə mübadiləsi proqramına (STARTECH-2) start verilib. Layihə 11-16 may tarixləri arasında həyata keçirilir.
Layihədə Bakı Avropa Liseyi, ABC məktəbi, 164 nömrəli tam orta məktəb, 6 nömrəli məktəb-lisey, Akademik Zərifə Əliyeva adına lisey, Bakı Oksford məktəbi, 160 nömrəli Klassik Gimnaziya və Landau məktəbinin 9-11-ci siniflərində təhsil alan 17 məktəbli iştirak edir.
Səfər layihəsi məktəblilərin karyera seçiminə istiqamət vermək, onların müvafiq sahələr üzrə strateji kadrlar kimi formalaşmasına töhfə verməklə yanaşı, onları milli kosmik ekosistemin fəal iştirakçılarına çevirmək məqsədini daşıyır.
Səfər çərçivəsində məktəblilər Türkiyənin aparıcı kosmos, aerokosmos və müdafiə sənayesi müəssisələrində interaktiv sessiyalarda iştirak edirlər. Layihə çərçivəsində məktəblilər Türkiyənin Bursa şəhərində yerləşən Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzi (GUHEM), Ankara şəhərində yerləşən PLAN-S, TÜRKSAT, TİTRA Technology şirkətləri, İstanbul şəhərində DOF Robotics şirkətində, Marmara Teknokent mərkəzində interaktiv sessiyalarda iştirak edirlər.
“DOF Robotics” şirkətində keçirilən görüş zamanı məktəblilər VR və AR sistemləri ilə yaxından tanış olub, robotexnikanın və mexatronikanın birləşdiyi ən son mühəndislik nümunələri və platforma texnologiyalarını tədqiq ediblər.
Layihə çərçivəsində məktəblilər “Marmara Teknokent”ə səfər edərək texnologiya və elmi-tədqiqat istiqamətində həyata keçirilən qabaqcıl fəaliyyətlərlə yaxından tanış olublar. Onlar innovasiya laboratoriyalarını, mühəndislik və robototexnika mərkəzlərini ziyarət edib, süni intellekt, proqramlaşdırma, avtomatlaşdırma və yüksək texnologiyalar sahəsində həyata keçirilən layihələr barədə məlumat əldə ediblər.
Ankara şəhərində yerləşən “PLAN-S” şirkəti peyk texnologiyaları sahəsində ixtisaslaşaraq, kiçik peyklərin (CubeSat) dizaynı, istehsalı və orbitə göndərilməsi sahəsində fəaliyyət göstərir. Məktəblilər PLAN-S mərkəzini ziyarət edərək burada əsl kosmik laboratoriya mühiti ilə tanış olmaq və peyk komponentlərinin hazırlanma prosesini izləmək imkanı əldə ediblər.
Ankarada həmçinin Türkiyənin yeganə peyk operatoru olaraq həm peyk rabitəsi, həm də rəqəmsal xidmətlər sahəsində fəaliyyət göstərən “TÜRKSAT” şirkəti ilə tanış olublar. Gölbaşı Kampusundakı interaktiv tur zamanı məktəblilər peyklərin idarə edilməsi və yerüstü stansiyaların iş prinsipi barədə ətraflı məlumat əldə ediblər.
Ankara şəhərində yerləşən “TITRA Technology” şirkəti pilotsuz sistemlər, süni intellekt və pilotsuz helikopterlər üzrə fəaliyyətlərin həyata keçirilməsində ixtisaslaşmışdır. Orta Doğu Teknik Universitetinin İnformatika və İnnovasiya Mərkəzində yerləşən bu mərkəzdə məktəblilər avtonom texnologiyaları ilə tanış olub, onların müasir dünyamızdakı rolu ilə bağlı ətraflı məlumat əldə ediblər. Məktəblilər burada pilotsuz helikopterlərin proqram təminatı və sınaq mərhələlərini yerində izləyərək, gələcəyin texnologiyalarını dərindən öyrənmək imkanı əldə ediblər.
Avropanın ən böyük kosmos və aviasiya təlim mərkəzlərindən biri olan “Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzi”ndə (GUHEM) məktəblilər genişmiqyaslı elmi təcrübələr keçirlər. Proqram çərçivəsində külək tuneli və aerodinamika, reaktiv mühərriklərin iş prinsipləri, Cessna 172 uçuş sessiyası, Ayda gəzinti simulyatoru və mikroskop altında ekstremofillərin müşahidəsi kimi sessiyalar təşkil olunur.
Qeyd etmək lazımdır ki, sözügedən proqram Azərbaycan Respublikasının kosmos, innovasiya, rəqəmsallaşma, süni intellekt və data məlumatlarının mübadiləsi, eləcə də STEAM texnologiyalarının tətbiqi istiqamətində məktəbli yaşlarından Respublikanın strateji insan resursları potensialının çoxillik inkişafına davamlı töhfə verəcək.