logo
Gənc heykəltəraş Güntayın uğura doğru addımları

Gənc heykəltəraş Güntayın uğura doğru addımları

Gənc heykəltəraş Güntayın uğura doğru addımları Gənc heykəltəraş Güntayın uğura doğru addımları

Salam, Güntay bəy. İlk öncə dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.

- Salam . Mənə vaxt ayırdığınız üçün mən təşəkkür edirəm, Ziyarət xanım.

Özünüzü sizi yeni tanıyan insanlara necə təqdim edərdiniz?

- Elə Güntay. Heykəltəraş Güntay. Amma bioqrafik olaraq soruşursunuzsa Hüseynli Güntay Vaqif oğlu.

Gəlin elə lap əvvəldən başlayaq. Bildiyim qədərilə incəsənətə elə lap kiçik yaşlarından marağınız olub. Əvvəl memar olmaq istəsəniz də, atanızın istəyilə heykəltəraş olmağı seçmisiniz. Sizdə incəsənətə olan bu böyük maraq necə və nədən başladı?

- Lap əvvəldən başlasaq, rəssam ailəsində doğulmağıma baxmayaraq kiçik yaşlarımda incəsənətə o qədər də marağım olmayıb əslində. Səkkizinci sinifdə oxuyarkən hərb sektoruna yönəlmək istəyirdim. Yönəldim də. Lakin, başa düşdüm ki, mən özümü bu sahədə görmürəm. Memarlıq mənə daha maraqlı gəldiyi üçün bu memarlığa meyl etməyə başladım. Dediyiniz kimi, atamın təklifiylə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecində heykəltəraşlıq təhsili almağın memarlıq oxumaq üçün mənə böyük kömək olacağını düşündüm. Heykəltəraşlıqla məşğul olmaq məni o qədər özünə çəkdi ki, artıq memarlıq haqqında heç düşünmədim belə. Bütün həyatımı ciddi şəkildə heykəltəraşlığa həsr etməyi qərara alaraq özümü bu sənətinin sirlərinə yiyələnmək üçün formalaşdırdım.

Hansı orta məktəbdə təhsil almısınız? Sonraki təhsiliniz haqqında da mərhələli şəkildə danışaq məncə.

- Orta məktəb təhsilimi Bakı Atatürk liseyində almışam. Liseyi bitirdikdən sonra, 2011 - 2015- ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət kollecində təhsil almışam. Daha sonra hərbi xidmət sıralarına yollandığım üçün təhsilimi davam etdirə bilmədim. Hərbi xidmətdən qayıtdıqdan sonra, 2018 - 2022-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Heykəltəraşlıq” İxtisası üzrə təhsilimi davam etdirmişəm. Hazırda da ixtisasım üzrə çalışıram.

İlk hazırladığınız heykəl hansı olub?

- Yadımdadır ki, ilk dəfə atam bir nar verdi mənə ki, bunu düzəldə bilərsən? Mən də düzəltdim.

Hansı müəllimlərdən dərs almısınız? Bir heykəltəraş kimi formalaşmağınızda əsas kimlərin rolu olub?

Natiq Əliyev, Fuad Salayev, Nurlan Məmmədov, Rəcəb Müslümov bilavasitə müəllimlərim olmuşdur. Amma bizim işimiz elədir ki hər kəsdən birşey öyrənməlisən. Azərbaycan Respubikasının Xalq rəssamı, professor Natiq Əliyev və Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev başda olmaqla, bütün müəllimlərimin bu sənətə yiyələnməyimdə rolu əvəzsizdir. Lakin, başdan heykəltəraş kimi formalaşmağımda böyük dəstək olan, atam, rəssam Vaqif Ucatay olmuşdur.

Diplom müdafiəsi üçün hansı mövzunu seçdiniz və necə qərar verdiniz ki, məhz həmin mövzunu seçəsiniz?

- Diplom müdafiəsi üçün seçdiyim mövzunun adı “Yaşam iradəsi” idi. Mövzunu o zamanki ruh halıma görə seçmişdim. Əsərdə, fiziki və ruhən çökmüş, uçurumun kənarında duran adamın həyata hələ də olan yaşama eşqini təsvir etmişdim. Bu əsərin adını tapmaqda da bir qədər çətinlik çəkmişdim. Artıq, işi yekunlaşdırdıqdan sonra, Şopen Hauerin eyni adlı bir teoriyası qarşıma çıxdı. Teoriyada bəhs edilirdi ki, “Bu həyatda qalmaq instikti deyil, sırf yaşam iradəsidir”. Yəni, bu adam şüurlu olaraq başa düşür ki, hər şey ən dibdə olsa da, bütün çətinliklərə baxmayaraq yenidən qanad açmaq, başlamaq lazımdır . Diplom müdafim çox uğurlu keçdi. Hətta hazırladığım heykəlin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının həyətində qoyulması üçün də qərar qəbul edilmişdi.

Daha çox necə heykəllər hazırlamağa üstünlük verirsiz?

- Daha çox müxtəlif mövzulu kompozisiyalar hazırlamağı sevirəm. Hansısa real obrazı hazırlamaqdansa, fərqli məna daşıyan kompozisiya hazırlamaq mənə daha cəlbedici gəlir. Belə kompozisiya və heykəllərdən “Öpüş”, “Zaman körpüsü”, “Statik”, “Yorğun”, “Eqo”, “Başbilən”, “Məndən ötə”, Beyin gülü”, “Pəncərə dünya”, “Yüngül ağırlıq”, “Zəriflik abidəsi” və s. kimi əsərləri misal göstərmək olar.

Sizə görə bu sənətin uğuru və bu sahənin çətinlikləri nələrdir?

- Uğur məncə zəhmətdədir. Çox çalışmaq lazımdır. Insan daimi olaraq özünü inkişaf etdirməlidir. Çətinliyə qalanda isə hər sahənin özünəməxsus çətinlikləri var. Ona görə də insanları bu sahənin çətinlikləri ilə yormaq lazım deyil deyə düşünürəm.

Bir hekəli hazırlamağa nə qədər vaxt sərf edirsiniz? Və hansı materilla işləmək sizə daha rahatdır?

- Heykəlin hazırlanma müddəti kompozisiyanın çətinliyindən asılıdır. Bir heykəli tamamlamaq üçün elə ola bilər ki bir neçə gün, elə də ola ki bilər ki, aylarla vaxt lazım olsun. Hər bir halda gil ilə ya da plastilinlə işləyirik. Hərəsinin ayrı həzzi var. Buna görə də materialı seçmək mənim üçün çətindir (gülür).

Daha çox necə heykəllər işləmək sizə rahatdır? Hansı üslubu sevirsiniz?

- Dediyim kimi, öz beynimin məhsulunu işləmək daha rahat gəlir mənə. Çünki heykəli hazırlamamışdan əvvəl necə bişey olacağı artıq beynimdə canlanmış olur. Simvolikanı sevirəm. Demək olar ki, hər bir işimdə simvolik mənalardan istifadə edirəm.

Müraciət etdiyiniz əsas mövzular nələrdir?

- Ümumi insani məsələlərə toxunmağı daha çox sevirəm. Biraz da fəlsəfi tərəfinə getmək daha cazibədar gəlir mənə.

Müharibə zamanı müharibə mövzusunda işlədiyiniz əsərlər oldumu?

- Müharibə dövründə işlədiyim "Atalar və oğullar" adlı əsərim var. Hər ikisi eyni silahı tutan, qəmgin olan ata ilə əyilmədən, dimdik duran oğulun ikifiqurlu kompozisiyasıdır bu əsərim.

Bilirəm ki, uğurlarınız çoxdur. Müxtəlif şəhərlərdə ucaldılan barelyef, büst və heykəlləriniz var. Bu haqda biraz ətraflı danışaq.

- Bəli var. Sadalamalı olsaq, Qubada, İspik kənd orta məktəbinin qarşısında, həmin məktəbin adını daşıyan şəhid Neman Dadaşovun büstü, Kürdəmirdə şəhid Ziyadxan Əliyevin portreti, Şabran rayonunda şəhid Ürfan Orucovun xatirə lövhəsi, Stalinqrad qəhrəmanı Fətulla Həmidovun büstü, bundan əlavə, Arxangelskdə Fərman Salmanov, Müslüm Maqomayevin barelyefləri, Heydər Əliyevin hazırladığım büstü var.

Sizə nə ilham verib ruhlandıra bilər?

- Bilirsiniz, bu biraz fərqli baxış bucağından asılıdır. Bəzən də insanın ruh halından. 1 kəlmə söz belə səni ruhlandıra və ya ruhdan sala bilər.

Hansı sərgilərdə iştirak etmisiniz.

-Axın- Gənc rəssamların qrup sərgisi, gənclər arasında olan digər bir çox sərgilər, ekologiya ilə bağlı və s bir çox yerli və xarici sərgilərin iştirakçısıyam. Bu sərgilərdəki iştirakımla bağlı diplom və sertifikatlarım var.

Bir heykəltəraş kimi bu sahədə çalışan idealınız varmı? Azərbaycanda və dünyada.

- Bəyəndiyim sənətkarlar var təbiiki. Onlardan öyrənirəm, lakin, bu ideallıq mərtəbəsində deyil.

Gənc biri üçün heykəltəraş olmağın çətinlikləri nələrdir?

- Gənc heykəltəraş olmağın çətinliyi odur ki, qarşında çox uzun bir yol var və sən o yolu məqsəd və uğurlarınla yorulmadan qət etməlisən.

Bir gənc kimi bu sahəni seçən insanlara nə məsləhət verərdiniz?

- Ancaq savadlanmaqla nələrisə əldə etmək olar. Təhsil almaq və çox çalışmaqlan istədiyinə nail olmaq ola bilərsən.

Fərdi sərgi keçirməyi düşünürsüz?

-Mütləq. Lakin, hələ bunun üçün çox tezdir məncə.

Maraqlı əsərlərinizdən sadalayardınız.

- “Çərxi fələk", "Çərçivədən kənar", "Statik", "Elastik çərçivə" ,"Potensial", "Cəhd", "Həyat" və s. kimi əsərlərim var.

Gələcəkdə qarşınıza qoydugunuz məqsəd və planlar?

- Məqsədlərim, arzularım çoxdur. Yavaş-yavaş reallaşdırmaq üçün çalışıram.

Müsahibəmizə qoşulmağınız və bütün suallarımızı aydın şəkildə cavablandırdığınız üçün təşəkkür edirik, Güntay bəy.

Dəvət etdiyiniz üçün və bu maraqlı müsahibə üçün mən təşəkkür edirəm. Sağ olun.

Ziyarət Cabarova

(Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyi üzrə Prezident təqaüdçüsü)

Foto: Rüstəm İsmayılov

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media