https://innews.media/uploads/news/2026-03/_innews_becf13943bfb0869f7a2f2879_o.jpg
Həyat bəzən bizə seçmədiyimiz yüklər verir, bəzən isə biz öz çiyinlərimizə dünyanın ağırlığını yığırıq. Bu şeir bir insanın öz ağrısına, taleyinə və hətta səhvlərinə sahib çıxmasının hekayəsidir. Müəllif kədərini kimsəyə yük etmir, əksinə, 'mənimdir' deyərək həm bəxti ilə barışır, həm də bütün qaranlıqlara rəğmən yenidən başlamaq cəsarətini tapır. İnsan ən çox özünə qırılar, ən çox özünü mühakimə edər. Bu misralarda biz sarsılmış bir inamın, qədir-qiyməti bilinməmiş bir sevginin və yorğun dizlərin sızıltısını eşidirik. Amma hər bənddə kədərin rəsmini çəkən qələm, son bənddə bizə unudulmuş bir həqiqəti xatırladır: hər nə yaşanırsa yaşansın, sabaha ümid etmək və yenidən sevməyə cəhd etmək də elə bizim öz əlimizdədir.
Yük olan dərdimi kimə danışım?
Ruhumu közərdən dərd də mənimdir.
Bir də çətin kiməsə mən inanım,
Köksümü incidən əhd də mənimdir.
Bəzən eşqdən elə sıxılır ürək,
Könlümü yandırır dərdlə müştərək,
Başıma nə gələcək daha görək?
Həyata küsdürən bəxt də mənimdir.
Hər kədəri özüm verdim özümə,
Dünyanın yükünü aldım çiynimə,
Daşınan yük ağrı verir dizimə,
Sevinci öldürən qəsd də mənimdir.
Əzəldən belədir mənim qismətim,
Heç vaxt bilinmədi mənim qiymətim,
Kiməsə yox, özümədir nisbətim,
Qəmi ömrə yazan xətt də mənimdir.
İçimdə var ümid yaşama qarşı,
Gecələrdir, könlümün tək sirdaşı,
Bilirəm, dinəcək gözümün yaşı,
Yenidən sevməyə cəhd də mənimdir.
Aysel Aslanova