https://innews.media/uploads/news/2026-06/_innews_1c222460a22b6a06c1e385bff_o.jpg
Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova kitabxana sisteminin ölkənin elm, təhsil və mədəni inkişafındakı strateji rolundan danışaraq bir sıra mühüm təkliflər səsləndirib.
Mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun, millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi müzakirədə deputat kitabxanaların yalnız fondlarla deyil, həm də oxucu auditoriyası ilə güclənməsinin vacibliyini vurğulayıb.
E.Akimova bildirib ki, son illər ölkədə kitabxanaların maddi-texniki bazasının yenilənməsi və elektron xidmətlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılsa da, qarşıda həllini gözləyən məsələlər qalmaqdadır.
Deputatın sözlərinə görə, ilk növbədə çap olunan kitabların kitabxanalara təqdim olunması prosesi tam şəffaf və nəzarət edilən mexanizmlərlə həyata keçirilməlidir.
“Çap olunan bütün kitabların kitabxanalara təqdim olunması elektron sistem üzərindən izlənilsə, nəticə daha səmərəli olar və məsuliyyət yaradar”, – deyə o bildirib.
Millət vəkili yeni nəşrlərin vahid elektron bazasının yaradılmasını da vacib hesab edib. Onun fikrincə, belə bir reyestr kitabxanaların yeni nəşrlər haqqında operativ məlumat əldə etməsinə və fondların daha məqsədyönlü şəkildə formalaşdırılmasına imkan verər.
O, bölgə kitabxanalarının vəziyyətinə də diqqət çəkərək xüsusilə uşaq və yeniyetmə ədəbiyyatının çatışmazlığının ciddi problem olaraq qaldığını bildirib.
“Bölgə kitabxanalarının fondları, xüsusilə uşaq və yeniyetmə ədəbiyyatı ilə mütəmadi şəkildə zənginləşdirilməlidir. Rayon və kənd kitabxanalarında müasir uşaq ədəbiyyatı guşələri yaradılmalı, yerli müəlliflərin kitablarının əlçatanlığı artırılmalıdır”, – deyə E.Akimova vurğulayıb.
Deputat rəhbərlik etdiyi və artıq üç ildir ölkənin müxtəlif bölgələrində həyata keçirilən “Məktəb, elm və ədəbiyyat” layihəsinin təcrübəsindən danışaraq məktəb-kitabxana-yazıçı əməkdaşlığının dövlət səviyyəsində dəstəklənməsinin vacibliyini qeyd edib.
“Bu istiqamətdə məktəb-kitabxana-yazıçı əməkdaşlığını gücləndirən dövlət proqramı hazırlanmalı, uşaq yazarlarının bölgələrdə məktəblərlə görüşləri sistemli xarakter almalıdır”, – deyə E.Akimova bildirib.
Çıxışında kitabların təbliği məsələsinə də toxunan deputat nəşriyyatlar üçün təşviqedici mexanizmlərin hazırlanmasının zəruriliyini diqqətə çatdırıb. Onun fikrincə, kitabın nəşri ilə oxucuya çatdırılması arasında mövcud olan boşluq aradan qaldırılmalı, yeni nəşrlərin təqdimatı və tanıdılması sistemli xarakter daşımalıdır.
Elnarə Akimova kitabxanaların gələcək inkişaf modelinə dair baxışını da açıqlayıb. O, bildirib ki, müasir dövrdə kitabxanalar ənənəvi funksiyalarla kifayətlənməməli, maarifləndirici və yaradıcı platformalara çevrilməlidir.
“Kitabxanalar sadəcə kitab saxlanılan məkan deyil, mütaliə, yaradıcılıq və maarifləndirmə mərkəzləri kimi fəaliyyət göstərməlidirlər. Çünki kitabxanaların inkişafı yalnız fondların artırılması deyil, həm də oxucu yetişdirmək deməkdir”, – deyə deputat vurğulayıb.
Deputat həmçinin elmi və nəzəri ədəbiyyatın tərcüməsi sahəsində boşluqlara diqqət çəkərək bildirib ki, Azərbaycan uzun illər formalaşmış rusdilli elmi məkanın imkanlarından uzaqlaşdıqdan sonra müəyyən nəzəri resurs çatışmazlığı ilə üz-üzə qalıb.
“Biz 90-cı illərdən başlayaraq rus dil mühitini itirməklə böyük bir elmi-nəzəri arsenaldan məhrum olmuşuq. Mədəniyyət Nazirliyi nəzəri kitabların tərcüməsinə təşviq etməlidir, o kitablarla kitabxanalar, universitet kitabxanaları təmin olunmalıdır. Çünki bu sahədə kasadlıq var”, – deyə Elnarə Akimova qeyd edib.
Deputat çıxışının sonunda vurğulayıb ki, kitab və mütaliə mədəniyyətinin inkişafı dövlət qurumları, məktəblər, kitabxanalar, nəşriyyatlar və müəlliflərin birgə fəaliyyətini tələb edir. Onun sözlərinə görə, kitaba marağın qorunması gələcəyin daha savadlı, daha mütaliəli və daha intellektual cəmiyyətinin formalaşmasının əsas şərtlərindən biridir.
Ən son xəbərləri səhifəmizdən də izləyin