https://innews.media/uploads/news/2026-08/_innews_0103be0f8db2214797a1ec1eb_o.jpg
Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması tariximizə yeni əlamətdar günlər yazdı. İndi xalqımız hər il böyük qürurla Zəfər Gününü, Dövlət Suverenliyi Gününü, o cümlədən işğaldan azad edilmiş şəhərlərin günlərini qarşılayır. Ordumuzun Vətən müharibəsindəki müzəffər yürüşünü, şəhər və kəndlərimizin işğaldan azad olunmasını özündə əks etdirən bu əlamətdar günlər Azərbaycanın dövlətçilik və müstəqillik salnaməsinin şərəfli səhifələrini təşkil edir.
Avqustun 26-sı həmin əlamətdar günlərdən biri – Laçın Şəhəri Günüdür. Məlum olduğu kimi, Vətən müharibəsində Laçının bir sıra kəndləri artıq işğaldan azad olunmuşdu. Azərbaycanın zəfəri nəticəsində imzalanan üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd edilir.
Laçının 1992-ci il may ayının 18-də Ermənistan tərəfindən işğal edilməsi respublikamızda hakimiyyət uğrunda mübarizə aparan qrupların milli xəyanətinin nəticəsi idi. Prezident İlham Əliyev bununla bağlı deyib: “Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi”.
Laçın olduqca strateji bir mövqedə yerləşir. Ona görə 1992-ci ildə Şuşadan sonra Laçının işğal olunması Ermənistanla Qarabağ arasında geniş coğrafi bağlantı yaratdı ki, bu da sonrakı dövrdə digər şəhər və rayonlarımızın düşmən tərəfindən zəbt edilməsinə yol açdı. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv olundu. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizmi ilə üzləşdi.
Bu gün Laçında aparılan bərpa və yenidənqurma işləri nəticəsində işğalın izləri aradan qaldırılır və rayon özünün yeni həyatına qovuşur. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ilk infrastruktur layihələrindən biri məhz Laçında icra olunub. 2021-ci ildə Laçında işə salınan və generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası rayonun elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Bundan başqa, rayon ərazisində “Ağbulaq”, “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli”, “Mirik”, “Ağbulaq-1”, “Ağbulaq-2”, “Şeylanlı” su elektrik stansiyaları istismara verilib. Daha 3 yeni SES-in tikintisi isə davam edir və onların inşası bu ilin sonunadək başa çatacaq.
Laçında həyata keçirilən layihələr göstərir ki, rayondakı quruculuq işləri kompleks məzmun daşıyır. Həm infrastrukturlar yenidən qurulur, həm rayonun iqtisadi potensialı hərəkətə gətirilir, həm də laçınlılar doğma yurdlarına qayıdırlar. Laçın Beynəlxalq Hava Limanının, “Laçın Aqro-Sənaye Parkı”nın, “Həkəri Balıq Təsərrüfatı”nın, Zerti kəndində “Laçın” İstirahət Kompleksinin, “Laçın” və “Qorçu” yarımstansiyalarının, “Həkəriçay” su anbarının inşası yalnız bu rayonda deyil, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin miqyasını və əzəmətini göstərir.
Laçın işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin intensiv qayıdışının həyata keçirildiyi rayonlardandır. Laçın şəhəri isə keçmiş məcburi köçkünlərin geri döndüyü ilk şəhərdir. Azərbaycanın nəzarətinə keçdikdən cəmi 9 ay sonra Laçının əzəli sakinləri doğma şəhərə qayıdıblar. 2023-cü il mayın 28-də cənab Prezident İlham Əliyev Laçında şəhərin sakinləri ilə görüşüb və onlara evlərin açarlarını təqdim edib. Daha sonra isə rayonun Sus, Zabux və Bəylik kəndləri də doğma sakinlərini qarşılayıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərində 614 ailənin (2264 nəfər), Zabux kəndində 217 ailənin (823 nəfər), Sus kəndində 59 ailənin (215 nəfər), Bəylik kəndində isə 89 ailənin (363 nəfər) daimi məskunlaşması təmin edilib.
Əsrarəngiz gözəlliyi ilə fərqlənən Laçın bu gün həm də beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhərlərdən biridir. 2025-ci il mayın 28-də Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşünün, iyulun 2-də isə İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi çərçivəsində ECO-nun Qadınlar Forumunun təşkil edilməsi göstərdi ki, işğaldan azad edilmiş şəhər və rayonlarımızda həyat artıq canlanıb. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarına əsasən isə Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Bununla əlaqədar olaraq 2025-ci ilin iyunun 3-də şəhərdə “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib. Bütün bu tədbirlər həm də ondan xəbər verir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın yaratdığı yeni reallıqları tam qəbul edir.
Laçının quruculuğu sürətli və dinamikdir və bu, dövlətimizin qüdrətini dünyaya nümayiş etdirir. Qarşıdakı dövrdə isə Laçın növbəti quruculuq nümunələri ilə hər birimizi qürurlandıracaq. 26 avqust Laçın Şəhəri Günü münasibətilə bütün Laçın sakinlərini seçicilərimiz adından təbrik edirik.
Bir məsələni də qeyd etmək istərdim ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, bu ərazilərə yeni həyat bəxş etməsi regiondakı yeni reallıqlara qarşı çıxan antiazərbaycançı dairələri ciddi şəkildə narahat edir. Çünki Azərbaycanın hər bir uğuru həmin dairələrin ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyalarını iflasa uğradır, onların niyyətlərini gözlərində qoyur.
Azərbaycanın uğurlarına kölgə salmağa, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışan antimilli şəbəkənin elementlərindən biri də bəzi Avropa ölkələrində məskunlaşmış və milli maraqlarımıza zidd fəaliyyət göstərən ünsürlərdir. Əvvəldə də qeyd etdiyim kimi, Laçın 1992-ci ildə milli xəyanətin qurbanına çevrilmişdi. Bu gün isə həmin xəyanətkar mövqenin daşıyıcıları xaricdən Azərbaycana qarşı həyata keçirilən məkrli planlarda iştirak edərək, ölkəmizin uğurlarına və milli maraqlarına kölgə salmağa çalışırlar.
Lakin Qərbdən Azərbaycana dil uzadan marginal ünsürlər respublikamızın uğurlarına kölgə salmaq iqtidarında deyillər. Çünki birincisi, Azərbaycanda təməlində dövlətçilik maraqları dayanan xalq-iqtidar birliyi var və ərazi bütövlüyümüzün bərpa olunması bu birliyi daha da möhkəmləndirib. İkincisi isə Azərbaycan güclü dövlətdir və heç bir xarici təzyiq və ya antimilli fəaliyyət ölkəmizi strateji hədəflərindən yayındıra bilməz.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Ən son xəbərləri səhifəmizdən də izləyin