logo
Texnoloji asılılıq və zərərli vərdişlər

Texnoloji asılılıq və zərərli vərdişlər

Texnoloji asılılıq və zərərli vərdişlər Texnoloji asılılıq və zərərli vərdişlər

Müasir dövrdə gənclər texnoloji inkişaf sayəsində çox məlumatlıdırlar. Lakin müşahidələr göstərir ki, erkən yaşlardan texnoloji vasitələrdən intizamsız və nəzarətsiz istifadə, gələcəkdə texnoloji asılılıq probleminin genişlənməsinə səbəb olacaq. Növbəti onilliklərdə bu asılılıq, digər zərərli vərdişlər qədər ciddi sosial və psixoloji problem kimi qiymətləndiriləcək.

Texnoloji asılılığın mümkün fəsadları

İlkin mərhələdə bu hal emosional dözümsüzlük, özünə qapanma, güvənsizlik, real həyat qərarlarında çətinlik, sosiallaşmada problemlər və dost çevrəsinin düzgün formalaşmaması ilə özünü göstərə bilər.
Zamanla bu vəziyyətdə olan gənclərin alkoqol, qumar və narkotik kimi asılılıqlara meyli artır. Çünki asılılıq bir formadan digərinə keçid üçün münbit zəmin yaradır.

Eyni zamanda, sosial mediada yayılan “ideal həyat” təsvirləri emosional boşluğu olan gənclərdə özünü təsdiq ehtiyacını gücləndirir. Belə gənclər üçün onlayn qumar oyunları və ya narkotik maddələr bəzən “rahatlama” və “özünü ifadə” vasitəsi kimi qəbul edilir. Lakin bu, müvəqqəti “qaçış”, əslində isə yeni asılılıqların başlanğıcıdır.

Yeni dövrün yeni səbəbləri

Əvvəllər zərərli vərdişlərə aparan yolda əsas səbəblər kimi uşaqlıq travmaları, valideynlərarası münaqişələr, sağlam olmayan ailə münasibətləri göstərilirdisə, bu gün nəzarətsiz smartfon və planşet istifadəsi də həmin zəncirə əlavə olunmalıdır.

Ehtimal olunur ki, yaxın onilliklərdə dünya dövlətləri texnoloji asılılıqlara qarşı xüsusi mübarizə strategiyaları və proqramları həyata keçirməyə başlayacaqlar.

Mübarizənin yeni formaları

Müasir dövrün fəsadlarına qarşı elə müasir dövrün imkanları ilə mübarizə aparmaq zəruridir. Rəqəmsal təbliğatın qarşısına rəqəmsal maarifləndirmə çıxarılmalıdır.
Bu istiqamətdə ailə institutunun gücləndirilməsi, valideyn–övlad münasibətlərinin sağlam bağlar üzərində qurulması, profilaktik və davamlı maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, maarifləndirmə gənclərin dili ilə, onların anlama səviyyəsinə uyğun formada aparılmalıdır. İnternet və sosial platformalarda daha dinamik, interaktiv və emosional təsir gücü yüksək olan #təbliğat modelləri qurulmalıdır.

Terminologiyanın yenilənməsi zərurəti

Zaman dəyişdikcə mübarizə dilinin özü də yenilənməlidir. “Narkotik”, “narkoman” kimi ifadələr çox zaman damğalayır və insanı cəmiyyətdən uzaqlaşdırır.

Bu səbəbdən onların yerində “asılı şəxs”, “təhlükəli vasitə”, “asılılıq yaradan maddə”, “zərərli vərdiş” kimi ifadələrin işlədilməsi daha humanist və maarifləndirici təsir yaradır.

Bunu daha xoşbəxt gələcək naminə bir #dost tövsiyəsi kimi qəbul edin.

Raqif Allahverdiyev

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin