https://innews.media/uploads/news/2026-05/_innews_51fbc68bc1dba203e3bd7b2cb_o.jpg
Müasir dünyanın mürəkkəb geosiyasi reallığında dövlətlərin atdığı hər addım, nümayiş etdirdiyi hər jest və keçirdiyi hər görüş sadəcə protokol xarakteri daşımır. Xüsusilə də böyük güclər arasında balans siyasəti yürüdən dövlətlər üçün diplomatiya bəzən görünməyən strateji şah gedişinə çevrilir. Rusiya Prezidenti Vladimir Putinin Qazaxstana dövlət səfəri və Prezident Qasım-Jomart Tokayev tərəfindən yüksək səviyyədə qarşılanması da məhz belə incə siyasi məna daşıyan hadisələrdən biridir.
Astana səmasında Rusiya bayrağının rənglərini əks etdirən aviasiya nümayişi, fəxri qarovul dəstəsinin iştirakı, yüksək səviyyəli qəbul mərasimi və xüsusi diplomatik atmosfer bəzi dairələr tərəfindən fərqli yozula bilər. Lakin hadisələrin mahiyyətinə dərindən baxdıqda aydın görünür ki, burada söhbət hansısa qorxu və ya təzyiqdən deyil, əksinə Qazaxıstanın həyata keçirdiyi son dərəcə incə və hesablanmış diplomatik strategiyadan gedir.
Prezident Tokayev çox yaxşı anlayır ki, bugünkü dünyada sərt ritorikadan daha çox ağıllı balans siyasəti qalib gəlir. Qazaxıstan həm Rusiya, həm Çin, həm türk dünyası, həm də Qərblə münasibətlərini paralel şəkildə qorumağa çalışan nadir dövlətlərdən biridir.
Belə mürəkkəb siyasi şəraitdə Astananın atdığı hər addım milli maraqlara hesablanmış strateji manevrdir.
Vladimir Putinin yüksək səviyyədə qarşılanması əslində Tokayevin zəifliyi deyil, onun siyasi uzaqgörənliyinin göstəricisidir. Çünki böyük dövlətlərlə münasibətləri qarşıdurma xəttinə gətirmək deyil, milli maraqları qoruyaraq dialoq platformasında saxlamaq müdrik liderlərin seçdiyi yoldur. Tokayev də məhz bu xətti davam etdirir.
Eyni zamanda Qazaxıstan bu cür diplomatik addımlarla dünyaya mühüm mesaj verir ki, Astana heç bir geosiyasi düşərgənin vassalı deyil, əksinə öz müstəqil dövlət siyasətini yürütmək iqtidarındadır. Bu siyasət emosiyalar üzərində deyil, dövlət maraqları üzərində qurulub.
Bu gün Avrasiya İqtisadi Şurası və Avrasiya İqtisadi Forumunda iştirak edən Qazaxıstan faktiki olaraq regionun əsas siyasi və iqtisadi platformalarından birinə çevrilir. Astana artıq təkcə coğrafi mərkəz deyil, həm də böyük diplomatik oyunun mühüm siyasi ünvanıdır.
Qasım-Jomart Tokayevin həyata keçirdiyi siyasətin əsas mahiyyəti məhz buradadır. o, emosional populizmə deyil, soyuqqanlı dövlət ağılına üstünlük verir. Rusiya ilə münasibətləri qoruyarkən türk dünyası ilə əlaqələri genişləndirir, Çinlə iqtisadi əməkdaşlığı inkişaf etdirir və Qərblə dialoq imkanlarını saxlayır. Bu isə təkcə siyasət deyil - yüksək səviyyəli strateji diplomatiyadır.
Bu baxımdan Vladimir Putinin Astana səfəri zamanı nümayiş etdirilən yüksək səviyyəli qəbul mərasimi Qazaxıstanın qorxusunun yox, əksinə özünəinamlı və müstəqil diplomatik gücünün nümayişidir.
Tokayev bir daha sübut edir ki, müasir dünyada həqiqi liderlik emosional bəyanatlarla deyil, mürəkkəb geosiyasi şəraitdə dövlət maraqlarını ağılla qorumaq bacarığı ilə ölçülür.
Müəllif: Qəvami Sadıqbəyli.
Ən son xəbərləri səhifəmizdən də izləyin