https://innews.media/uploads/news/2026-05/_innews_9bb644d272ee8e67c42172f79_o.jpg
“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi” çərçivəsində həyata keçirilən “Kapoeyranın izləri” qrant layihəsi uğurla başa çatıb. Layihə ibtidai sinif müəllimi Sevinc Nəcəfova tərəfindən 287 nömrəli “Zəkalar” liseyində icra olunub.
Layihənin əsas məqsədi məktəblilər arasında kapoeyra idman növünə marağı artırmaq, sağlam rəqabət mühitini təşviq etmək və şagirdlərin aktiv həyat tərzinə yönləndirilməsinə dəstək olmaq olub.
Layihə çərçivəsində məktəblilər üçün kapoeyra üzrə ümumillikdə 12 nəzəri və praktiki təlim təşkil edilib. Təlimlər Azərbaycan Kapoeyra Federasiyasının peşəkar təlimçisi Firuzə Əliyevanın rəhbərliyi ilə keçirilib. Sessiyalar zamanı iştirakçılar kapoeyranın əsas texnika və hərəkətlərini öyrənib, fiziki hazırlıq, çeviklik və koordinasiya bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda fəaliyyətlər şagirdlər arasında komanda ruhunun, qarşılıqlı dəstək və sağlam rəqabət mühitinin formalaşmasına mühüm töhfə verib.
Layihənin icrası müddətində iştirakçıların idmana və sağlam həyat tərzinə marağında müsbət dəyişiklik müşahidə olunub. Şagirdlər həm fiziki aktivlik baxımından inkişaf edib, həm də kollektiv fəaliyyət və əməkdaşlıq bacarıqlarını gücləndiriblər.
Layihənin sonunda bağlanış mərasimi təşkil olunub. Tədbir zamanı layihə çərçivəsində görülən işlər və əldə olunan nəticələr barədə hesabat təqdim edilib, iştirakçıların qazandıqları bilik və bacarıqlardan bəhs olunub. Bağlanış mərasimində şagirdlər layihə ilə bağlı təəssüratlarını bölüşərək təlimlərin onlar üçün faydalı və motivasiyaedici olduğunu vurğulayıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin