https://innews.media/uploads/news/2026-08/_innews_b007afff41daefc462e92b33d_o.jpg
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə “ƏBƏDİ BİRLİK – 5 İL: BİRLİKDƏN GƏLƏCƏYƏ” adlı yubiley tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra “Əbədi Birlik” Gənclər İctimai Birliyinin ötən 5 il ərzində həyata keçirdiyi layihələri və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin aparıcısı Amalya Əhmədova iştirakçıları salamlayaraq “Əbədi Birlik” Gənclər İctimai Birliyinin yarandığı gündən bu günə qədər həyata keçirdiyi fəaliyyət, milli-mənəvi dəyərlərin təbliği, gənclərin inkişafı və Türk dünyasının birliyinə verdiyi töhfələr barədə məlumat verib.
Yubiley tədbirində çıxış edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təsisçisi və sədri Şahin Əliyev təşkilatın 5 illik fəaliyyət yoluna nəzər salaraq bu müddət ərzində həyata keçirilən layihələr, əldə olunan nailiyyətlər və gələcək hədəflər haqqında danışıb. O bildirib ki, “Əbədi Birlik” təkcə bir ictimai birlik deyil, eyni amal ətrafında birləşən insanların böyük ailəsidir və qarşıdakı illərdə də gənclərin inkişafına, milli dəyərlərin qorunmasına və Türk dünyasının birliyinə xidmət edən layihələrini davam etdirəcək.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin dayısı qızı, Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə xanım Quliyeva, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət (Muğan) Əliyev, Nizami rayonu Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Təşkilatı İctimai Birliyinin sədri Yəhya Ağayev, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədr müavini İlkin Məmiyev və uzun illər təşkilatın Şimali Kipr nümayəndəliyinin rəhbəri olmuş, hazırda Şimali Kiprin Azərbaycanda media nümayəndəsi Serdar Şengül çıxış edərək təşkilatın ötən 5 il ərzində gördüyü işləri yüksək qiymətləndirib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Çıxışlarda “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Azərbaycan və Türk dünyasında gənclərin bir araya gətirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.
Yubiley proqramı bədii hissə ilə davam edib. Tanınmış ifaçılar Cəmilə Məmmədli, Fatimə Quliyeva, Musa Baqdayev, Jalə Məmmədova və Bəxtiyar Abdullayev öz musiqi nömrələri ilə tədbirə xüsusi rəng qatıblar. Dombra ifaçısı Adnan Əmirli isə Qazaxıstan və Qırğızıstanın milli musiqilərini səsləndirərək Türk dünyasının ortaq mədəni irsini tədbir iştirakçılarına təqdim edib.
Tədbirdə CASFCEN-in sədri Nadir İsmayılov, müharibə iştirakçıları, qazilər, ictimai xadimlər, media nümayəndələri, gənclər və çoxsaylı qonaqlar iştirak ediblər.
Sonda xatirə şəkilləri çəkdirilib və yubiley tortu kəsilərək “Əbədi Birlik” Gənclər İctimai Birliyinin 5 illik fəaliyyəti birlik və həmrəylik ruhunda qeyd olunub.
“ƏBƏDİ BİRLİK – 5 İL: BİRLİKDƏN GƏLƏCƏYƏ” yubiley tədbiri təşkilatın ötən 5 ildə qazandığı uğurların təqdimatı olmaqla yanaşı, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, yeni əməkdaşlıqların qurulması və daha güclü birlik naminə atılacaq addımların müzakirəsi baxımından da əlamətdar hadisə kimi yadda qalıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin