logo
Dövlət müstəqilliyi xalqımızın böyük sərvətidir

Dövlət müstəqilliyi xalqımızın böyük sərvətidir

Dövlət müstəqilliyi xalqımızın böyük sərvətidir Dövlət müstəqilliyi xalqımızın böyük sərvətidir

Bu gün xalqımız əlamətdar günlərindən birini - 28 May Müstəqillik Gününü  qeyd edir. 108 il əvvəl, 1918-ci ilin məhz bu tarixində Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Xalqımızın milli azadlıq arzularının ifadəsi olan bu tarixi hadisə dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik ənənələrinin formalaşdırılması, demokratik idarəçilik prinsiplərinin tətbiqi və müstəqil dövlət təsisatlarının yaradılması istiqamətində mühüm addımlar atmışdı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın müstəqil dövlət qurmaq və öz taleyini müəyyənləşdirmək iradəsini bütün dünyaya nümayiş etdirdi. Qısa müddət ərzində ölkədə parlament və hökumət formalaşdırıldı, dövlət rəmzləri qəbul edildi, dövlət idarəçiliyinin təşkili istiqamətində çoxsaylı tədbirlər həyata keçirildi. Təsadüfi deyil ki, bu gün müasir Azərbaycanın bir çox dövlət orqanlarının yaranma tarixi məhz 1918-ci ildir.

Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan vətəndaşlığı anlayışı formalaşdırıldı və milli ordu quruculuğu həyata keçirildi. Bütün vətəndaşlara bərabər hüquqların verilməsi, cəmiyyətdə milli, dini, irqi və sosial ayrı-seçkiliyin olmaması  Azərbaycan Xalq Cümhuriyyətinin demokratik və hüquqi dövlətçilik prinsipləri əsasında bərqərar olduğunu göstərir. Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşeviklərdən və daşnaklardan azad olunması isə Cümhuriyyət tarixinin ən böyük hərbi-siyasi uğurudur.

O dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması, o cümlədən milli maraqların diplomatik müstəvidə müdafiəsi məqsədilə də ardıcıl fəaliyyət həyata keçirilmişdi. Cümhuriyyətin nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı diplomatiya tariximizin mühüm hadisələrindən biridir.

 Parlament tərəfindən qəbul olunan qanunlar isə dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkənin ictimai-siyasi və mədəni inkişafına, demokratik dəyərlərin bərqərar olunmasına töhfə verib. 1918-ci ilin avqustunda qəbul olunan “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanılması, Bakı Dövlət Universitetinin yaradılması, azərbaycanlı gənclərin ali təhsil almaq üçün xarici dövlətlərə göndərilməsi Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın təhsil tarixinə verdiyi tarixi töhfələrdir.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, gördüyü işlərin miqyası böyük idi. Bütün bunlar 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Müstəqillik ideyaları isə insanları heç vaxt tərk etmədi. Ötən əsrin 70-ci illərində respublikamızda Ulu Öndər Heydər Əliyevin liderliyi ilə yaranan milli intibah da müstəqillik və azadlıq ideyalarının yaşamasının təzahürü idi. Prezident İlham Əliyevin «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında» sərəncamında bu barədə deyilir:

“Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət millətimizin tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”.

Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Lakin digər keçmiş sovet dövlətlərindən fərqli olaraq Azərbaycan xalqı bu yolda mübarizə apardı. Ulu Öndər Heydər Əliyevin bu mübarizədə göstərdiyi tarixi xidmətlər isə dövlətçilik tariximizin qürurdoğuran səhifələridir. Məhz Heydər Əliyevin təşəbbüsləri və qətiyyəti sayəsində hələ sovet hakimiyyətinin mövcud olduğu bir şəraitdə üçrəngli bayrağımızın Naxçıvanda Muxtar Respublikasının bayrağı kimi təsbit olunması, muxtar respublikanın adında «sovet» və «sosialist»  sözlərindən imtina edilməsi respublikamızda müstəqillik uğrunda aparılan mübarizəni daha da gücləndirdi. O cümlədən sovet dövlətinin saxlanılması ilə bağlı  referendumun Naxçıvanda boykot olunması, Ulu Öndərin Azərbaycan Ali Sovetindəki cəsarətli çıxışları müstəqillik mücadiləsi tariximizin mühüm siyasi hadisələridir.

 Bu mübarizənin nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də xalqımız dövlət müstəqilliyini bərpa etdi. Lakin 90-cı illərin əvvəllərində baş verənlər göstərirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Həmin çətin şəraitdə xalqın təkidli istəyi ilə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin itirilməsinin qarşısını aldı, müasir Azərbaycan dövlətini yaratdı. Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu ilə müstəqilliyimizin və dövlətçiliyimizin güclü təməllərini formalaşdırdı. Məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dövləti özünün geosiyasi və geoiqtisadi maraqlarını qətiyyətlə təmin edərək, beynəlxalq birliyin ehtiram göstərilən üzvünə çevrildi.

Heydər Əliyevin «şah əsəri» olan Azərbaycan dövləti bu gün etibarlı əllərdədir. Ulu Öndərin layiqli siyasi davamçısı kimi Prezident İlham Əliyev cənablarının həyata keçirdiyi fəaliyyət ötən dövrdə müstəqilliyimizin təməllərini daha da möhkəmləndirib, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. Ulu Öndərin əsasını qoyduğu enerji siyasətinin uğurla davam etdirilməsi, Azərbaycanın qlobal enerji təhlükəsizliyində aparıcı mövqeyə yüksəlməsi və Avrasiya məkanının nəqliyyat-logistika bağlantılarının daha da güclənməsinə verdiyi töhfələr həm də müstəqilliyimizin əsaslarının daha da sarsılmaz olmasına xidmət edən tarixi nailiyyətlərdir. Bütün bunların nəticəsi kimi Azərbaycan həm də dünyanın orta güc dövlətləri cərgəsinə yüksəlib.

Azərbaycanın müasir tarixinin ən böyük uğurları isə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün tam bərpa edilməsidir. Böyük qürurla deyə bilərik ki,  Xalq Cümhuriyyətinin qurucularının 1918-ci ildə təsis etdikləri, Ulu Öndər Heydər Əliyevin 1990-cı ildə Naxçıvanda qətiyyətlə rəsmi status verdiyi üçrəngli bayrağımızı Prezident İlham Əliyev cənabları Qarabağ və Şərqi Zəngəzurda ucaltdı.  Müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi olan ay-ulduzlu bayrağımız indi Azərbaycanın bütün ərazilərində əzəmətlə dalğalanır, suverenliyimizi bütün dünyaya bəyan edir.

Azərbaycanın təkcə XX əsr tarixi göstərir ki, dövlətçilik irsimiz zəngindir. Bu irsin öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Bakıda «İstiqlal» abidəsinin ucaldılması, Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopediyasının dərci, 2018-ci ilin ölkəmizdə «Cümhuriyyət ili» elan olunması və digər bu kimi  məsələlər dövlətçilik salnaməmizin  təbliğinə xidmət etməklə yanaşı, Cümhuriyyət irsinə olan ehtiramın təzahürüdür. 2021-ci ilin oktyabrında Milli Məclis tərəfindən qəbul olunan “Müstəqillik günü haqqında” qanuna əsasən isə 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Mayın 28-nin Müstəqillik Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır.

Xalqımızın Ulu Öndəri Heydər Əliyevin təbirincə desək, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Heç bir qüvvə respublikamızın müstəqilliyinə təhdid yarada bilməz.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media