https://innews.media/uploads/news/2024-12/_innews_c5906ffa8d61c28a53a9eeb74_o.jpg
“49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsinə Azərbaycanın 17 ali təhsil müəssisəsindən 25 komanda vəsiqə qazanıb. İlk dəfə olaraq Qarabağ Universitetinin tələbələri də komandalar arasında yer alaraq ölkəmizi beynəlxalq proqramlaşdırma müsabiqəsində təmsil edir. Ümumilikdə 85 nəfərdən ibarət komandalar 12-15 dekabr 2024-cü il tarixlərində Gürcüstanda keçirilən yarımfinalda yarışacaqlar.
“49-cu ICPC - Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin 1/4 final mərhələsi (XX Azərbaycan Birinciliyi) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı, eləcə də Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə 27 oktyabr 2024-cü il tarixində Bakı Mühəndislik Universitetində baş tutub. Müsabiqədə Azərbaycanın 22 ali təhsil müəssisəsindən hər komanda üzrə 3 tələbə və komanda rəhbərindən ibarət 53 komanda iştirak edib. Sözügedən müsabiqənin nəticələrinə görə yüksək nəticə göstərmiş komandalar “49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmə hüququ əldə ediblər.
Qeyd edək ki, 6 dekabr 2024-cü il tarixində yarımfinala vəsiqə qazanan iştirakçılarla görüş keçirilib. Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müşaviri Vüsal Əzizov, İRİA-nın İdarə Heyəti sədrinin müşaviri Fuad Hacıyev və müsabiqənin Azərbaycan üzrə regional direktoru Etibar Seyidzadə çıxış ediblər. Onlar tələbələri bu uğur münasibətilə təbrik edərək, yarımfinal mərhələsində müvəffəqiyyətlər arzulayıblar. Görüş zamanı “ICPC Azerbaijan”ın fəaliyyəti ilə bağlı təqdimat da keçirilib.