https://innews.media/uploads/news/2024-01/_innews_887b8295597de377c3515add6_o.jpg
“Azərbaycanda keçiriləcək prezident seçkiləri üçün normativ hüquqi baza və seçki mühitinin beynəlxalq seçki standartlarına uyğun formalaşması təmin olunub. Respublikamızda indiyədək seçki təcrübəsinin daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilib”. Bunu secki-2024.az saytına açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının qüvvədə olan seçki qanunvericiliyi seçki hüququ məsələlərini tənzimləyən beynəlxalq hüquqi sənədlər olan 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi; 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt; İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə 1950-ci il Avropa Konvensiyası; ATƏT-in İnsan Ölçüsü Konfransının Kopenhagen Görüşünün 1990-cı il Sənədində nəzərdə tutulan açıq, demokratik və şəffaf seçkilərin təmin olunması istiqamətində təsbit olunan bütün standartlara uyğundur:
“İndiyədək bir neçə xarici ölkədə beynəlxalq seçki missiyalarının tərkibində müşahidəçi qismində iştirak etmək təcrübəsinə malik olan bir şəxs kimi qeyd edə bilərəm ki, Azərbaycanda prezident seçkiləri üçün hazırda formalaşmış seçki mühiti aparıcı xarici ölkə təcrübələri ilə eynidir. Həm namizədlərin, həm beynəlxalq, həm də yerli müşahidəçilərin, medianın və QHT-lərin aktivliyi bizə deməyə əsas verir ki, ölkədə effektiv seçki mühiti formalaşıb”.
Bununla yanaşı o qeyd edib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi bütün namizədlərə bərabər şərait yaradır. Seçki təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun şərait mövcuddur. Namizədlərə öz seçki platformalarını təqdim etməsi üçün ödənişsiz efir vaxtından istifadəyə də şərait yaradılıb və onlar bu hüquqlardan sərbəst şəkildə istifadə edirlər.
Mütəxəssisin sözlərinə görə, seçki prosesinin şəffaflığı tam təmin olunur və Seçki Məcəlləsinin tələblərinə riayət olunur: “Mərkəzi Seçki Komissiyası tərəfindən “Seçki - 2024” Müstəqil Media Mərkəzinin fəaliyyətə başlaması, xüsusilə də, Azərbaycan, rus və ingilis dillərində secki-2024.az saytının fəaliyyət göstərməsinin özü də şəffaflığı təmin edən elementlərdən biri sayılır”.