https://innews.media/uploads/news/2023-01/_innews_591283082998f1b3515353ffc_o.jpg
Türkiyənin tanınmış və sevilən fotoqraflarından olan Hülya Akkaya Bakıda səfərdədir. Küləklər şəhəri paytaxtımızla yanaşı, Azərbaycanın bölgələrində də qonaq olan Hülya Akkaya 29 yanvar saat 17:00-da Bakı Fotoqrafiya Evində fotosevərlərlə görüşəcək. O, “Adım qadın”, “Covid-19”, “İnsan, insan” və “Sos” adlı layihərini təqdim edəcək, iştirakçıların suallarını cavablandıracaq. Görüşdə həm tamaşaçı kimi iştirak edə, həm də hazırladığınız materialları fotoslayd formasında nümayiş etdirə bilərsiniz. Giriş sərbəstdir.
İndi isə əksər fotoqrafların görüşünə tələsdiyi bu tanınmış sənətkarı yaxından tanıyaq!
52 yaşlı Hülya Akkaya Türkiyənin Ərzincan vilayətindəndir. Ali məktəbi bitirdikdən sonra orada müəllim işləyib. 2003-2004-cü illərdə çalışdığı Ərzincanda tələbələri ilə kənd-kənd gəzərək oyuncaq əl işlərini toplayıb, tələbələrinin əl işlərini də buraya daxil edərək İstanbul Uşaq Oyuncaqları Muzeyinin Anadolu Oyuncaqlar şöbəsini tamamlayıb. İlk fərdi fotosərgisini Ərzincan Mədəniyyət Müdirliyinin Sərgi Salonunda təşkil edən Hülya Akkaya satdığı fotoşəkillərdən əldə etdiyi vəsaitlə özünün işlədiyi məktəbdə uşaq kitabxanası açıb. 2014-cü ildən etibarən Karşıyaka Xalq Təhsil Müdirliyinə bağlı müəssisədə yetkinlərə, Karşıyaka Milli Təhsil Müdirliyinə bağlı müəssisədə isə məktəbindəki şagirdlərə İbtidai Fotoqrafiya Təhsili verib. Bu günədək təxminən 300 yetkini və 70 ibtidai sinif şagirdini bu təlimlərə cəlb edib. Yetkinlərlə 7, ibtidai sinif şagirdləri ilə 13 sərgi açıb. Eləcə də müxtəlif illərdə həm şagirdləri ilə, həm də fərdi şəkildə bir neçə beynəlxalq sərgidə iştirak edib. Həmçinin Ege Fotoqrafiya və Kino Həvəskarları Dərnəyinin idarəçiliyində fəal rol oynayıb. Bu dərnəkdə fotoqrafiya təhsili verərək və seminar təlimçisi olaraq bir çox sərgilər açıb, əsərləri ilə də bu sərgilərdə iştirak edib. 2016-cı ildə ilkə imza ataraq direktorun dəstəyi ilə Karşıyaka Şəhid Hilmi Öz İbtidai məktəbində fotoqrafiya emalatxanası açıb. Sinif müəllimliyi ilə yanaşı, emalatxanada da fotoqrafiya təhsili verib və sosial layihələr hazırlamağa davam edib. Bursa Beynəlxalq Fotoqrafiya Festivalında 2020-ci ildə "S.O.S", 2021-ci ildə "Simulyasiya", 2022-ci ildə isə "İnsan, İnsan" layihələri ilə iştirak edib. 2022-ci ildə Türkiyənin nüfuzlu fotoqrafiya layihəsi yarışmasında “Sami Güne” Kubokunu qazanıb. Hülya Akkayının fotoqrafiya ilə bağlı araşdırmaları və müsahibələri Türkiyənin müxtəlif telekanallarında yayımnlanıb, jurnallarda və qəzetlərdə dərc edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin