https://innews.media/uploads/news/2022-12/_innews_a98fe4648dcef85d5c02e079e_o.jpg
Dekabrın 13-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 50-dən çox üzv şirkət nümayəndələri və Palata tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Energetika nazirinin müavini cənab Samir Vəliyev “Azərbaycanda enerji keçidi üçün perspektivlər və enerji təhlükəsizliyi siyasəti” mövzusunda çıxış edib. Görüşdə, həmçinin Uniper Global Commodities SE şirkətinin vitse-prezidenti cənab Dr. Michael Hilmer və KPMG Azərbaycanın idarəedici partnyoru cənab Vitaly Yakovlev Azərbaycanda enerji keçidi mövzusunda çıxış ediblər.
AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və tədbirə göstərdiyi dəstəyə görə KPMG Azərbaycana minnətdarlığını bildirib. O, daha sonra sözü tədbirin fəxri qonağı cənab Samir Vəliyevə verib.
Azərbaycanın enerji sektoru haqqında məlumat verən cənab Vəliyev bildirib ki, Azərbaycan hazırda enerji strategiyasının 3-cü pilləsindədir və bu strategiya, Azərbaycanın, eləcə də xarici tərəfdaşlarının enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib.
Azərbaycan və Almanya ikitərəfli əlaqələrinin inkişafından danışan nazir müavini bildirib: “Azərbaycan Almanyanın Cənubi Qafqazda mühüm ticarət tərəfdaşıdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artımla 1.3 milyard dollara yaxın olub. Son dörd il müddətində Almanya 5.7 milyon tondan çox Azərbaycan neftiylə təchiz olunub. Bu ilin yanvar-avqust aylarında Almanya ixracımızın 96.6 %-ni xam neft təşkil edib.”
Cənab Vəliyev eyni zamanda, ölkəmizdə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində görülən işlər haqqında məlumat verib. Daha sonra, bərpa olunan enerji mənbələri üzrə Azərbaycanın yüksək potensialından söz açıb və özəl investisiyaların dövlət investisiyalarını əvəz etdiyi müsbət mühiti vurğulayaraq, Azərbaycanın yaşıl enerji keçidinə tam şəkildə hazır olduğunu bildirib.
Daha sonra Dr. Michael Hilmer tədbir iştirakçılarını Almaniyada enerji keçidi mövzusunda məlumatlandırıb. Həmçinin bildirib ki, bugünkü AHK Impuls tədbiri həm də enerji keçidi üzrə yeni AHK işçi qrupunun təsis tədbiridir.
Çıxışında yerli investorların perspektivini gündəmə gətirən Vitaly Yakovlev, investisiyaların gəlirliyinin davamlılığının vacibliyini vurğulayıb və məsələyə fərqli nöqtələrdən işıq salıb.
Tədbir aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb.