https://innews.media/uploads/news/2022-11/_innews_f655aa1d9b587dd6ceb95920b_o.jpg
Bakı Dövlət Universiteti. 2 saylı korpusun 3-cü mərtəbəsi. Tən ortada tavandan böyük hərflərlə "Jurnalistika fakültəsi" yazılan lövhə asılıb.
Bədənin ürək yerləşən sol hissəsi ilə fakültəyə daxil olub irəlilədikcə sağ tərəfdə "Jurnalistika elmi-tədqiqat laboratoriya"sı ilə qarşılaşırıq. Mövsümün ilk dərs günü burada baş tutdu.
Həmin gün onun auditoriyadakı çıxışı böyük şölələrlə alovlanan oda bənzəyirdi. İlk seminar günündə "Yeni Qafqasya”nın əvvəlinci nömrəsinə toxundu. M.Ə.Rəsulzadənin “Atəş çalan Prometey" – proqram məqaləsindən tələbələrin xəbərdar olub-olmaması barədə soruşdu. İnsanların əbədi işığa qovuşması üçün Tanrılardan od oğurlayan Prometeydən, onu didən qartaldan danışdı. Odlar yurdunun başına gələn müsibətlərə toxundu.
Tarixin bütün dönəmlərində mənəvi və fiziki varlığını qorumağa çalışan, nicatı yolunda yorulmadan külüng vuran Azərbaycanın müstəqilliyindən, tarixi və şanlı Zəfərindən danışdı.
Qəlbinin dəruni dərinliyindən səs eşidildi: "Bu gün Azərbaycan üzərinə şığıyan qartalın da, quzğunun da, qarğanın da bir qorxusu var, o da başlarının üzərindəki "Dəmir Yumruq"du!
Dərslərin müxtəlif auditoriyada baş tutması müəllimi, mühazirəçini – Günay Məmmədovanı tədris etdiyi fənnin şövqündən ayıra bilmədi...
Davametmə müddəti iki semestr olan "Azərbaycan Jurnalistikası tarixi" fənninin birinci hissəsini Günel İsgəndər, ikinci hissəni Günay Məmmədova tədris etdi.
Uzun illər Azərbaycan mətbuatı qaranlıqlar içində qalmış, bir sözlə qaranlıqlamış. Azərbaycanın ikinci müstəqilliyi ilə bərabər mətbuatımızın da üzərinə günəş doğmuş. Bəlkə bu da həqiqətdən doğan bir zərurətdir ki, müstəqil ölkəmin "Azərbaycan Jurnalistikası tarixi" fənnini tədris edən hər iki müasir və mütərəqqi düşüncəli müəllimin ismində "Gün" ifadəsi var.
Əsgər İsmayılov