https://innews.media/uploads/news/2022-11/_innews_0c7e00dcc81a38dfaaf41a20b_o.jpg
Noyabrın 15-də YAP Tovuz rayon Mədəniyyət şöbəsi ərazi partiya təşkilatı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, YAP rayon təşkilatının sədri Nihad Pənahov, Ağstafa Regional Mədəniyyət idarəsinin Tovuz rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi Adil Həsənov və partiya fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Tədbir açıq elan olunaraq Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin davamında Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının sədri Nərgiz Sabirli ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının cəmiyyətin avanqard qüvvəsinə çevrilməsini şərtləndirən amillərdən bəhs edib: «Bu il Yeni Azərbaycan Partiyasının 30 illiyini qeyd edirik. Ötən 30 il partiyanın keçdiyi şərəfli yolun aydın mənzərəsini yaradır. Tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının qalib, dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycanın uğurlarında böyük payı vardır. YAP daim dövlətimizin daha da qüdrətlənməsinə, xalqın yüksək rifah şəraitində yaşamasına səy göstərir. Partiyamız bunu irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə təsdiqləyir. Yeniləşmə, təkmilləşmə YAP-ın fəaliyyətinin əsasını təşkil edir. Ötən il tarixi Zəfərimiz fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar daha uğurlu gələcəkdən xəbər verir.»
Tədbirdə YAP rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək YAP-ın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən bəhs edib.
Partiya fəalı Xəyal Nağıyev Azərbaycanın uğurlu inkişafından, dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatlarının ölkəmizin qarşısında açdığı imkanlardan geniş bəhs edib. Bildirib ki, dövrün tələblərinə uyğun təkmilləşmə hər sahədə uğurlara yol açmaqla yanaşı, qarşıya mühüm vəzifələr qoyur. Yeni Azərbaycan Partiyası hər zaman islahatlar prosesinə öz töhfələrini verib, bu gün də yeni hədəflərə doğru inamla irəliləyir.
Tədbirin sonunda Tovuz rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, 44 günlük Vətən müharibəsi iştirakçısı qazi Yasin Səməndərova hədiyyə, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin