logo
Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı

Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı

Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı

Qala divarları arasında 1,7 kilometrlik marşrut, 10 sınaq və 158 iştirakçının finiş uğrunda mübarizəsi.

26 iyul səhəri İçərişəhər tamam başqa bir ritmə oyandı: daş küçələrdə əks-səda verən sürətli addımlar qədim şəhərin sükutuna yeni enerji qatdı. Qala divarları arasında alqışlar yüksəlir, iştirakçılar növbəti maneəyə doğru irəliləyir, hər döngə mübarizəni bir qədər də çətinləşdirirdi. İlk dəfə keçirilən Red Bull Pəhləvan qədim şəhəri bir günlük güc, çeviklik və iradə meydanına çevirdi.

Bu marşrutda sürət yalnız başlanğıc idi. Finişə çatmaq üçün gücü düzgün bölmək, hər hərəkətə nəzarət etmək və yorğunluğa baxmayaraq irəliləmək lazım idi.

Əslində, yarış startdan xeyli əvvəl başlamışdı. İştirak üçün 500-dən çox müraciət daxil oldu. Onlardan 250 nəfər iştirakını təsdiqlədi, 158 nəfər isə 26 iyulda İçərişəhərin daş küçələrində öz gücünü sınamaq üçün start xəttində yerini aldı.ı.

Start siqnalı səslənən kimi əsas mübarizə başladı: gücünü sonadək qoruyub finiş xəttini hamıdan əvvəl kim keçəcəkdi?

Bu marşrutda hər addımın öz qiyməti var.

1,7 kilometrlik marşrutda beş maneə və beş funksional məşq stansiyası vardı. Tarazlıq xəttində bir səhv addım qiymətli saniyələrə başa gəlirdi. Asma nərdivan, dırmanma toru və baryerlər çevikliklə yanaşı, hərəkət dəqiqliyini də sınağa çəkirdi. Ağırlıq daşıma, top ilə oturub-qalxma zamanı isə əzələlər qədər iradə də işə düşürdü.

Əslində, bu yarışda qələbənin sadə düsturu yox idi. Sürət vacib olsa da, gücü düzgün bölmək, maneələrdə vaxt itirməmək və iyul istisində soyuqqanlı qalmaq nəticəyə birbaşa təsir edib onu müəyyənləşdirən amillərdən idi.

Yarışın yüksək tempini milli pəhləvanlıq ənənəsi tamamladı. AMİNA-AZİF pəhləvanlarının xüsusi çıxışları tamaşaçı zonalarında alqışları daha da yüksəltdi. Beləcə, meydanda iki fərqli dövr eyni anda nəfəs aldı: pəhləvanlığın köklü güc mədəniyyəti və müasir yarışın dayanmayan ritmi.

Marşrutu ən sürətli tamamlayan iştirakçılar podiuma yüksəldilər.

Qadınlar arasında ilk üçlük

- Anna Yusupova

- Leyla Məmmədova

- Liliya Smirnova

Kişilər arasında ilk üçlük

- Nəcməddin Zalıyev

- Güloğlan Əsədzadə

- Fərid Zeynallı

OCR, cüdo və milli idman dünyasının tanınmış simaları, eləcə də tərəfdaş qurumların nümayəndələri qalibləri təbrik etmək üçün bir araya gəldilər. Mükafatları təqdim etdilər:

- Ida Mathilde Steensgaard - İkiqat OCR dünya çempionu və Red Bull atleti;

- Hidayət Heydərov - Paris 2024 Olimpiya çempionu, dünya və Avropa çempionu, Azərbaycanın tanınmış cüdoçusu;

- Rəna Nəsirova-Mustafayeva - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini;

- Kazım Qurbanov - Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti.

Pəhləvanlıq təkcə ağır yükü qaldırmaq və ya maneəni aşmaq deyil. Nəfəsin daralanda ritmi saxlamaq, ayaqlar yorulanda növbəti addımı atmaq, qarşındakı divarı bəhanə deyil, yolun bir hissəsi kimi görməkdir.

Red Bull Pəhləvan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirildi. Azərbaycan Milli İdman Növləri Assosiasiyası və AMİNA-AZİF komandası milli idman ənənələrini əks etdirən nümunəvi çıxışları ilə tədbirə xüsusi dinamika qatdı. Yarışın funksional və brend zonaları LED.az komandası tərəfindən hazırlandı, CBC Sport isə tədbirin rəsmi media tərəfdaşı oldu.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media