https://innews.media/uploads/news/2026-08/_innews_ecb5b1446f6b23350dedf51d0_o.jpg
Hər bir xalqın kimliyinin ən vacib keyfiyyət göstəricilərindən biri onun doğma dilidir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də xalqın irsini, təfəkkürünü tarixdən tarixə, nəsildən nəsilə ötürən milli dəyərdir. Bu mənada dil aid olduğu xalqın zəngin mənəvi sərvətidir. Ona görə də ana dilinin qorunması və inkişaf etdirilməsi öz tarixinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan dövlətlərin milli siyasətinin əsas prioritetlərindən biri hesab olunur.
Dünyadakı dillər arasında Azərbaycan dilinin özünəməxsus yeri var. Tarixin dərinliklərindən gələn ana dilimiz ilk növbədə xalqımızın zəngin keçmişindən xəbər verir. Azərbaycan dilində əsrlər boyu böyük ədəbi nümunələr yaradılıb. Şifahi xalq ədəbiyyatımız, dastanlarımız, folklorumuz ana dilimizin ifadə imkanlarının nə qədər geniş olduğunu sübut edir. Zəngin milli-mənəvi irsimiz məhz doğma dilimizdə gələcək nəsillərə ötürülüb. Ana dilimiz həm də tarixən milli həmrəyliyimizin qorunub saxlanılmasında böyük rol oynayıb, xalqımızın yad təsirlərə məruz qalmasının qarşısını alıb.
Tarixin müəyyən mərhələlərində dilimiz məhrumiyyətlərə və təzyiqlərə də məruz qalıb. Çarizm dövründə Azərbaycan dilində təhsil imkanları məhdud dərəcədə olub. Sovet hakimiyyəti dövründə isə beynəlmiləlçilik adı altında xalqların doğma dilləri arxa plana keçirilıb. Bu dövrdə dil məsələlərini gündəmə gətirmək millətçilik kimi dəyərləndirilə bilərdi. Azərbaycanca təhsil almaq, yaradıcı fəaliyyətlə məşğul olmaq imkanları olsa da, dil siyasəti tamamilə ideoloji çərçivələr daxilində həyata keçirilirdi.
Yalnız Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı həyata keçirilən tədbirlər ana dilini də əhatə etdi. Ötən əsrin 70-ci illərində Azərbaycan dilində qələmə alınan ədəbiyyat nümunələrinin sayı artdı, dilimizin ümumişlək səviyyəsi daha da yüksəldi. Xüsusilə qeyd etməliyik ki, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Heydər Əliyevin Azərbaycan dilində çıxışı ölkədə böyük əks-səda doğurmuşdu və bu, Ulu Öndərin öz ana dilinə bağlılığının aydın nümayişi idi. Ulu Öndərin ana dilinə bağlılığının ən mühüm təzahürlərindən biri də 1978-ci il aprel ayında qəbul olunan Azərbaycan Konstitusiyasında onun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi idi.
“Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir” – deyə Heydər Əliyev bildirib.
Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizə rəhbərliyi illərində də ana dili məsələlərinə yüksək diqqət və həssaslıqla yanaşıb. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Konstitusiyada dövlət dili “Azərbaycan dili” kimi təsbit olunub. Ötən dövr təsdiq edir ki, dövlət dilinin bu cür təsbit olunması respublikada milli həmrəyliyin təmin olunmasına böyük töhfələr verib.
Heydər Əliyevin Azərbaycan dili ilə bağlı tarixi qərarlarından biri də 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmandır. Bu fərman respublikamızda dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. Belə ki, fərmanda qarşıya qoyulan vəzifələrə uyğun olaraq Milli Məclis tərəfindən «Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanun qəbul edilib, orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində tədbirlər həyata keçirilib. O cümlədən, ölkədə ana dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsi təmin edilib.
Heydər Əliyevin «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən isə avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu sənəd bir daha Ulu Öndərin ana dilimizə olan həssas və yüksək diqqətindən xəbər verir.
Onu da qeyd edək ki, Azərbaycan əlifbası XX əsr boyu bir neçə dəfə dəyişikliyə məruz qalıb. Bu mənada təqvimdə Azərbaycan əlifbası və Azərbaycan dili gününün öz əksini tapması bir daha tariximizə nəzər salmağa, ana dilimizin və əlifbamızın keşməkeşli inkişaf yolunu xatırlamağa imkan yaradır. Bu tarix bizə xatırladır ki, Azərbaycan dili və əlifbası xalqımızın milli kimliyinin, mədəni irsinin və dövlətçilik ənənələrinin ayrılmaz tərkib hissəsidir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, saflığının qorunması və zənginləşdirilməsi istiqamətində müəyyən etdiyi dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə imzaladığı fərman və sərəncamlar ədəbi dil normalarının qorunmasına, qloballaşma şəraitində mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfələr verib. Bu baxımdan Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı xüsusi qeyd etməliyik. Proqramın məqsədi dilimizin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını təmin etməkdir.
Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı isə dilimizin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Prezident İlham Əliyev ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi tədbirində dilimizin saflığının qorunması ilə bağlı deyib:
“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər”.
Qeyd olunanlar bir daha göstərir ki, milli kimliyimizin əsas milli dayaqlarından olan ana dilimizin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan dili bundan sonra da milli birliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin mənəvi dayaqlarından biri olaraq inkişaf edəcək, saflığını və zənginliyini daim qoruyacaqdır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Ən son xəbərləri səhifəmizdən də izləyin