https://innews.media/uploads/news/2026-08/_innews_fc8a5c14426bc22bdc3074230_o.jpg
ABŞ kibercinayətkarlığa qarşı oyunun qaydalarını dəyişir: özəl sektorların fəaliyyəti artıq kibermüdafiə ilə məhdudlaşmır, onlara kiberkəşfiyyata və kiberhücuma keçidə icazə verilir.
"innews media" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov öz sosial media hesabında etdiyi paylaşımda bildirib.
Yeni prezident memorandumu ABŞ-ın transsərhəd kibercinayətkarlığa qarşı yanaşmasında ciddi dönüş yaradır. Federal nəzarət altında seçilmiş özəl kibertəhlükəsizlik şirkətləri xarici kibercinayətkar qruplara qarşı kiber müşahidə və aktiv pozucu əməliyyatlara cəlb oluna bilər.
Bu, klassik “müdafiə et, blokla, bərpa et” modelindən daha irəli gedən yanaşmadır.
Söhbət artıq yalnız hücumu aşkar etməkdən yox, hücumçının infrastrukturunu izləmək, fəaliyyətini pozmaq, resurslarını zəiflətmək və əməliyyat qabiliyyətini sıradan çıxarmaqdan gedir.
Məncə, xəbərin ən mühüm tərəfi budur:
Kiberməkanda dövlət və özəl sektor arasındakı sərhəd dəyişməyə başlayır.
İndiyədək özəl şirkətlər əsasən threat intelligence, SOC, incident response və texniki müdafiə rolunda çıxış edirdilər. Yeni model isə onları nəzarət olunan şəkildə dövlətin kiberoperativ imkanlarının bir hissəsinə çevirə bilər.
Bu yanaşma ransomware şəbəkələri və digər transmilli kibercinayət infrastrukturlarına qarşı daha çevik və sürətli reaksiya imkanı yaradır. Amma eyni zamanda çox ciddi sualları da ortaya çıxarır:
Səhv attribution olarsa məsuliyyəti kim daşıyacaq?
Əməliyyat üçüncü ölkənin infrastrukturuna təsir edərsə nə baş verəcək?
Özəl şirkətin fəaliyyəti hansı nöqtədə dövlət əməliyyatı hesab olunacaq?
Burada vacib fərq odur ki, söhbət sərbəst “hack-back” hüququndan getmir. Əməliyyatlar dövlət tərəfindən təsdiqlənməli, koordinasiya olunmalı və ciddi hüquqi məhdudiyyətlər daxilində həyata keçirilməlidir.
Amma istiqamət aydındır:
ABŞ kibercinayətkarlığa qarşı passiv müdafiədən aktiv disruption modelinə keçir.
Əgər bu model nəticə verərsə, gələcəkdə kibertəhlükəsizlik şirkətlərinin rolu yalnız sistemləri qorumaq deyil, müəyyən hallarda dövlətin kiber gücünün əməliyyat tərəfdaşı olmaq səviyyəsinə qədər genişlənə bilər.
Bu isə kibertəhlükəsizlik sənayesində tamamilə yeni mərhələnin başlanğıcı ola bilər.
Ən son xəbərləri səhifəmizdən də izləyin