https://innews.media/uploads/news/2026-03/_innews_09878879611f533e6993c7a17_o.jpg
İsveçli böyük diplomat və türkoloq Qunnar Valfrid Jarrinq 1939-cu ildə qələmə aldığı “Əfqanıstanda türk tayfalarının paylanması haqqında: ilkin təsnifat cəhdi” adlı əsərində Əfqanıstan qızılbaşları haqqında yazır: “Qızılbaşlar orjinal türkcə ilə danışırlar”. Aşağıda əsərdən diqqət çəkən hissələri sizə təqdim etmək istərdik.
“Türk mənşəli olan və əslən türkmən əfşar tayfasına mənsub İran hökmdarı Nadir şah 1736-cı ildən etibarən Əfqanıstan və Hindistana yürüşlər etmişdir. Türk mənşəli əsgərlər həmin vaxt Kabil, Herat və digər ələ keçirilmiş şəhərlərdə qarnizon kimi yerləşdirildi. [Henry Walter] Bellevə (Bellew) görə, Nadir şah təxminən 1737-ci ildə Qızılbaşlardan on iki min nəfərlik bir dəstəni Kabildə Çindavul və ya “arxa mühafizəçi” kimi saxlamışdır. Nadir şahın ölümündən sonra onlar Kabildə hərbi koloniya kimi qaldılar və onların nəsilləri hələ də şəhərin Çindavul adlanan ayrı bir hissəsində yaşayırlar. Qızılbaşlar orada şiə məzhəbinə mənsub ayrı bir iran icması kimi sünni məzhəbinə mənsub yerli əhali arasında öz mövqelərini qoruyub saxlamışdılar. Onlar (qızılbaşlar) şəhərin ümumi əhalisi tərkibində mühüm bir təbəqəni təşkil edir və yerli siyasətə əhəmiyyətli dərəcədə təsir göstərirdilər.
Nadir şahın bu türk əsgərləri Əfqanıstanda əhalinin bu gün də qızılbaş (qïzïlbaš-“qırmızıbaş”) adlandırılan hissəsinin mənşəyini təşkil edir. Onlar İranda, Qafqazda (Azərbaycanda) və Türkiyədə mövcud olduğu bilinən qruplarla qohumdurlar. Onlara, əsasən, şəhərlərdə, xüsusən də Kabil və Heratda rast gəlinir (Mountstuart Elfinstonun məlumatına görə, bu şəhərdə də). Onlar (qızılbaşlar) Həbibullah xanın ölümünə (1919) qədər Əfqanıstan hökumətinin və Kabil kral sarayının mirzələri (yazıçıları) və məmurları idilər, eyni zamanda tacir və sənətkarlıqla da məşğul olurdular və bu gün də o işlərlə məşğuldurlar. İndi onların tamamilə farslaşdığı deyilir, lakin Elfinstona görə, onlar bir-birlərinə müraciət edərkən o dövrdəki orijinal türkcələrindən istifadə edirdilər. Bunu [Godfrey Thomas] Vigne də təsdiqləyir və deyir ki, “əgər (Əfqan hökmdarı) Dost Məhəmməd bir əfqanla danışırsa, o, pəştu dilində danışır. Kabilin qızılbaşları və Türküstandan gələn qonaqlarla isə türk dilində danışır”.
İran Qızılbaşları ilkin olaraq yeddi türk tayfasından ibarət idi (şübhəsiz ki, əslən türkmən mənşəlidirlər) [Sir John] Malkolma görə, bu tayfalar ustaclı, şamlı, təkəli, baharlı, zülqədər, qacar və əfşar adlanırdılar. Bunların hər birinin tabeliyində yeddi tabe qəbilə var idi, lakin Malkolm bunun əsl qəbilələrə deyil, tabe olan tirlərə və ya budaqlara aid olduğunu düşünürdü. Kabil qızılbaşları arasında Elfinston “çindavulular” və ya “cavanşirlər” ilə “muradxanlıları” adlı alt-qrupları sadalayır. Bu adlar bir zamanlar onların rəhbəri olmuş Duraninin başçısından gəlir.
Şəhər xaricində qızılbaşların yaşadığına dair yeganə göstərici Elfinston və Hackin tərəfindən Foladinin (Bamyan vilayəti) yüksək vadilərində az sayda qızılbaş tapılmasıdır.
Əfqanıstandakı Qızılbaşların sayı;
Əfqanıstanda yaşayan Qızılbaşların sayı ilə bağlı böyük qeyri-müəyyənlik mövcuddur. Ən yüksək rəqəmləri Bellev 200 min, Aristov 100–150 min və Keane isə 150 min olaraq göstərir. Huart 75 min göstərir, İmperial Hindistan Ensiklopediyası isə 50 mindən az olduğunu bildirir, Şvager isə yalnız 12–15 min nəfər hesab edir. Hərbi statistika toplusunda isə (военно-статистический сборник) 200 min göstərilir (Bellev ilə eyni rəqəm), bu isə şübhəsiz ki, məntiqsizdir; lakin anonim müəllif əlavə edir ki, başqaları yalnız 12 min ailə olduğunu hesab edirlər. Bu son ifadə, Şvager və digərlərinin onların sayının yalnız 12–15 min civarında olduğu fikrinin əsasını təşkil edə bilər”.
Mənbə: Gunnar Valfrid Jarring (1939) “On the distribution of Turk tribes in Afghanistan: An attempt at a preliminary classification”, p.76, 77, 78.
Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı Vahid İbayev