logo
Sən gedən gündən

Sən gedən gündən

Sən gedən gündən Sən gedən gündən

Bəzən bir gediş sadəcə bir insanın uzaqlaşması deyil, bütün dünyanın sükuta qərq olmasıdır. Bu misralar itirilmiş bir sevginin arxasınca boylanan yorğun gözlərin, təkliklə dostlaşan yaralı bir qəlbin pıçıltılarıdır. 'Sən gedən gündən' başlayan bu yolçuluq, əslində bir ruhun öz içindəki viranəliyə çəkilməsindən bəhs edir. Müəllif bu əsərində ayrılıq sonrası yaşanan psixoloji sarsıntını 'viranəlik' və 'ölütək yaşamaq' metaforaları ilə canlandırır. Şeirdə diqqət çəkən əsas məqam, dərdi kimsəyə söyləməyib daxildə yaşamaq və bu səssizliyin yaratdığı böyük ağrıdır. Oxucu burada sevginin fədakarlıqla deyil, məhz əvəzedilməz bir boşluqla bitən tərəfini görür.

Yolunda gözlərim yoruldu mənim,
Həsrətin mənlədir, sən gedən gündən.
Kimə desəm onsuz anlamaz məni,
Bilməzlər viranam, sən gedən gündən.

Yoxluğunu sarıb yatdım hər gecə,
Yaşanan günlərim sanki bilməcə,
Qəlbimə qazıdım səni səssizcə,
Ölütək yaşadım, sən gedən gündən.

Dağları oynatdı naləm yerindən,
Getməyin hələ də getmir gözümdən,
Dərdin məni alıb apardı məndən,
Dinməz oldu gözüm, sən gedən gündən.

Təkliyə alışmaq böyük bir acı,
Yoxdur mənim kədərimin əlacı,
Sənsiz qalmaq olub qəlbimə sancı,
Xatirənlə yaşaram, sən gedən gündən.

Canımın yandığını necə deyim?
Əcəlim səni səndən çox sevməyim,
Köksümdəki acıya gərək öyrəşim,
Olmaz mənə həyan, sən gedən gündən.

Sevmirəm kiməsə dərd söyləməyi,
Anlatsam kim anlayacaq ki, məni?
Hər zaman içimə atdım dərdimi,
Dərdimlə qovruldum, sən gedən gündən.

Hər gün çiçək kimi solub gedirəm,
Aram-aram kədərimdən bitirəm,
Mənasız dünyadan mən də köçürəm,
Anlamı yox ömrün, sən gedən gündən.

Aysel Aslanova

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin