https://innews.media/uploads/news/2026-02/_innews_6b6aa2891bee621ac86dd250b_o.jpg
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayi qızlar məktəbinə endirilən hücumu kəskin şəkildə pisləyərək onu insanlığa qarşı cinayət adlandırıb.
Nazirliyin yaydığı açıqlamada bildirilib ki, Novruz bayramına az müddət qalmış İran düşmən qüvvələrin təxribatı ilə üz-üzə qalıb.
“Novruz bayramına 20 gündən az qalmış, düşmənin şər və təxribatı ilə üz-üzə qaldıq. Bu hücum, sözün həqiqi mənasında, təcavüzkar və terror xarakterli bir əməldir”, – deyə açıqlamada qeyd olunub.
Mətbuat katibi bildirib ki, ABŞın əvvəlki təcrübəsi bu ölkənin üzərinə götürdüyü öhdəliklərə sadiq qalmadığını və diplomatik proseslər nəticəsində əldə olunan razılaşmaları pozduğunu göstərir.
Açıqlamada vurğulanıb ki, İran diplomatik danışıqlara xoş niyyət və tam ayıq-sayıqlıqla qoşulub. Qeyd olunub ki, Omanın xarici işlər nazirinin son bəyanatına əsasən, texniki baxımdan danışıqlar müsbət mərhələyə çatmış və razılaşma üçün imkan yaranmışdı.
İsmail Bəqayi əlavə edib ki, İran diplomatlarının fəaliyyəti beynəlxalq hüquq və məntiq prinsiplərinə əsaslansa da, qarşı tərəf beynəlxalq normaları kobud şəkildə pozaraq İran xalqına qarşı açıq düşmənçilik mövqeyi nümayiş etdirib.
Nazirlik sözçüsü həmçinin bildirib ki, İran region ölkələrində təhlükəsizlik və sülhə böyük önəm verir. Onun sözlərinə görə, ABŞ qonşu ölkələrin ərazilərindən İrana qarşı təcavüz məqsədilə sui-istifadə edir. Buna görə də İranın müdafiə tədbirləri region ölkələrinin heç birinə qarşı yönəlməmişdir; biz onlara dostluq əlimizi uzadırıq.