logo
Beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir

Beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir

Beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir Beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir

Prezident İlham Əliyevin yanvarın 5-də Azərbaycanın yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin postmüharibə dövründə keçdiyi yolun, formalaşan yeni reallıqların və qarşıdakı mərhələlər üçün müəyyənləşdirilən strateji hədəflərin əhatəli təqdimatı kimi dəyərləndirilə bilər. Müsahibədə dövlət başçısı regional təhlükəsizlik məsələlərindən tutmuş daxili inkişaf prioritetlərinə, o cümlədən ordu quruculuğu və müdafiə sənayesinin gücləndirilməsinə qədər bir çox vacib məqamlara toxundu. Bu yanaşma Azərbaycanın müasir mərhələdə öz siyasətini emosional deyil, rasional və hesablanmış əsaslar üzərində qurduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq vurğuladı ki, İkinci Qarabağ müharibəsindən ötən beş il ərzində Azərbaycan əldə etdiyi qələbə ilə kifayətlənməyib. Əksinə, bu dövr ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, Silahlı Qüvvələrin döyüş potensialının artırılması və yeni təhlükəsizlik çağırışlarına uyğunlaşdırılması baxımından intensiv iş mərhələsi olub. Bu proseslər ötən il tarixi Zəfərimizin beş illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda da aydın şəkildə nümayiş etdirildi. Sözügedən parad Azərbaycanın son illər ərzində ordu quruculuğu sahəsində atdığı addımların və əldə etdiyi real nəticələrin vizual təqdimatı idi.

Dövlət başçısı bu kontekstdə konkret rəqəmlərə toxunaraq bildirdi ki, ötən il ölkəmizdə 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal olunub. İstehsal edilən məhsulların böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinin təminatına yönəldilib, müəyyən hissəsi isə ixrac edilib. Bu gün Azərbaycanın 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac etməsi müdafiə sənayesinin artıq daxili tələbatı ödəməklə kifayətlənmədiyini, eyni zamanda beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti qazandığını göstərir. Bu fakt Azərbaycanın hərbi-sənaye kompleksinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən mühüm göstəricidir.

Prezident İlham Əliyev müsahibədə diqqəti daha bir mühüm məqama yönəltdi. Qeyd olundu ki, son illər ərzində dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaradılıb. Bu müəssisələr çərçivəsində pilotsuz uçuş aparatlarının, artilleriya qurğularının, müxtəlif təyinatlı silah-sursatın və digər hərbi vasitələrin istehsalı həyata keçirilir və ya planlaşdırılır. Belə əməkdaşlıq modelləri yalnız istehsal həcminin artırılması baxımından deyil, eyni zamanda müasir texnologiyaların ölkəyə transferi, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması baxımından da strateji əhəmiyyət daşıyır.

Müsahibədə səsləndirilən fikirlərdən aydın olur ki, Azərbaycan hərbi sahədə yalnız klassik yanaşmalarla kifayətlənmir. Yenidən silahlanma prosesi, yeni silahlı bölmələrin formalaşdırılması və mövcud imkanların təkmilləşdirilməsi ölçülü, nəzarətli və real təhlükəsizlik ehtiyaclarına uyğun şəkildə həyata keçirilir. Prezidentin də qeyd etdiyi kimi, zərurət yarandıqda Azərbaycan müxtəlif vasitələrdən istifadə edib, lakin bütün hallarda bu addımlar məsuliyyət və strateji hesablamalar əsasında atılıb. Bu yanaşma ölkənin təhlükəsizlik siyasətində balanslı və praqmatik xəttin əsasını təşkil edir.

Eyni zamanda, müsahibədə regional kommunikasiya məsələlərinə də mərhələli şəkildə toxunuldu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın öz ərazisində Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb və ölkəmiz bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Azərbaycanla Ermənistan arasında yolların açılması regionda yeni iqtisadi və nəqliyyat imkanları yaradacaq, eyni zamanda uzunmüddətli sabitliyin formalaşmasına xidmət edəcək. Bu məsələ də ümumi təhlükəsizlik və inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim olundu.

Prezident İlham Əliyevin müsahibəsi göstərdi ki, Azərbaycan ötən beş il ərzində qazandığı təcrübəni və formalaşdırdığı potensialı ardıcıl şəkildə inkişaf etdirir. Ordu quruculuğu, müdafiə sənayesinin gücləndirilməsi, beynəlxalq əməkdaşlıqlar və regional kommunikasiya layihələri bir-biri ilə uzlaşan və paralel aparılan proseslər kimi diqqətdə saxlanılır. Bu proseslər ölkənin dəyişən regional və beynəlxalq şəraitə uyğun olaraq öz mövqelərini möhkəmləndirməsinə imkan yaradır və gələcək mərhələlər üçün geniş manevr imkanları formalaşdırır.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının məsləhətçisi Babayev Ramil Rusif oğlu

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin