https://innews.media/uploads/news/2025-12/_innews_03b46ad65eb9bbb9db8e02930_o.jpg
Məmmədov Ümid – Qarabağ Water Polo və Üzgüçülük Klubunun direktoru.
— Ümid müəllim, dekabr ayında Qarabağ Water Polo Klubu hansı yarışları təşkil edib?
— Dekabr ayında Qarabağ Klubu olaraq həm yeniyetmələr, həm də böyüklər arasında maraqlı və yüksək rəqabət şəraitində turnir təşkil etmişik. Qarşıdakı ay isə gənclər arasında növbəti turnirimizin keçirilməsi planlaşdırılır.
— Keçirilən turnirlərdə iştirakçı sayı və miqyas barədə nə deyə bilərsiniz?
— Ümumilikdə keçirilən bu turnirlərdə 5 kompleks üzrə 150-dən artıq idmançı iştirak etmişdir. Bu, klubumuzun fəaliyyəti baxımından son dərəcə əhəmiyyətli və qürurverici göstəricidir. Xüsusilə qeyd etmək istərdim ki, bir çox idmançının ciddi inkişaf mərhələsindən keçdiyini müşahidə edirik.
— Klub idmançılarının beynəlxalq arenada perspektivləri varmı?
— Bəli, bir neçə idmançımız artıq gələn il Avropa ölkələrində çıxış etmək üçün dəvət almışdır. Bildiyiniz kimi, iki yeniyetmə idmançımız isə hazırda ABŞ-ın ən güclü klublarını təmsil edir. Bu nailiyyətlər klubumuzun düzgün və sistemli fəaliyyətinin bariz nümunəsidir və şəxsən mənim üçün böyük qürur mənbəyidir.
— Hazırda Su İdman Sarayında fəaliyyət göstərən idmançılarınız barədə nə deyə bilərsiniz?
— Hazırda Su İdman Sarayında 100-dən artıq tələbəmiz fəaliyyət göstərir. Onların əksəriyyəti tərəfimizdən təşkil olunan turnirlərdə iştirak etmiş və göstərdikləri çıxışlarla müsbət təəssürat yaratmışdır. İdmançıların nümayiş etdirdiyi performansdan tam razı qaldığımı xüsusilə qeyd etmək istərdim.
— Su İdman Sarayının rəhbərliyi ilə əməkdaşlığı necə qiymətləndirirsiniz?
— Su İdman Sarayının rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Rəhbərlik tərəfindən məşqlərin və yarışların keyfiyyətli şəkildə keçirilməsi üçün bütün zəruri şərait yaradılmışdır.
— Sizin fikrinizcə, uğurlu idmançını fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
— Uğurlu idmançı ilk növbədə məsuliyyətli olmalı, özünə inam nümayiş etdirməli, yüksək intizam və məşqlərə ciddi yanaşma ilə seçilməlidir. Bu keyfiyyətlər peşəkar idmançının formalaşmasında əsas rol oynayır.
— Qarabağ Water Polo Klubunun əsas fəaliyyət prinsipləri nədən ibarətdir?
— Qarabağ Water Polo Klubu olaraq biz güclü və peşəkar idmançıların yetişdirilməsinə xüsusi önəm veririk. Bunun bariz nümunəsi kimi iki yeniyetmə idmançımızın ABŞ-ın ən güclü klublarında əsas heyətdə çıxış etməsini qeyd etmək olar. Bu fakt klubumuzda aparılan sistemli və məqsədyönlü işin real göstəricisidir.
— Milli Komanda ilə bağlı seçim proseslərində klubunuzun rolu nədən ibarət olub?
— Bu günədək federasiya tərəfindən dəvət olunmuş iki legioner baş məşqçinin iştirakı ilə Milli Komandanın heyətinin normativlər əsasında tam formalaşdırılması prosesində Qarabağ Water Polo Klubunun idmançıları uğurla seçim mərhələsindən keçmişdir. Bu da onu göstərir ki, klubumuz bu gün Azərbaycanda işi, gücü və birliyi ilə tanınır və hörmət qazanmışdır.
— Belə turnirlərin idmançılar üçün əhəmiyyəti nədən ibarətdir?
— Bu cür turnirlərin keçirilməsi, şübhəsiz ki, hər bir idmançının təcrübə qazanması baxımından son dərəcə vacibdir. Məhz bu səbəbdən Qarabağ Klubu olaraq bu tip yarışların təşkilinə xüsusi önəm veririk.
— Klubun gələcək planları barədə nə deyə bilərsiniz?
— Növbəti il ərzində Qarabağ Water Polo Klubu həm yerli, həm də beynəlxalq yarışlarda iştirak etməyi planlaşdırır. Bu məqsədlə klubumuz tərəfindən illik fəaliyyət planı artıq hazırlanmış və icra mərhələsinə keçmişdir.
— 2026-cı il üçün hansı əsas layihələr nəzərdə tutulur?
— 2026-cı ilin klubumuz üçün uğurlu olacağına əminəm. Həmin il ərzində iki beynəlxalq turnirin keçirilməsi planlaşdırılır. İyun ayında dörd ölkənin Bakıya dəvət olunması nəzərdə tutulmuşdur. Sözügedən turnir Su İdman Sarayının açıq hovuzunda keçiriləcək və “BAKU GRAND CUP 2026” adı altında təşkil ediləcəkdir.
— İllik turnir planı barədə nə deyə bilərsiniz?
— Klubumuzun illik planına uyğun olaraq, bütün yaş kateqoriyaları üzrə ümumilikdə 10 turnirin keçirilməsi nəzərdə tutulmuşdur.