https://innews.media/uploads/news/2025-11/_innews_a7b5df3b1214091cdb75cfbd2_o.jpg
Noyabrın 13-də ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılış mərasimi keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyəti - “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansen, həmçinin Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard iştirak ediblər.
Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılmasını Azərbaycan dövlətinin bütün dinlərin nümayəndələrinə göstərdiyi qayğının təcəssümü kimi qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dini tolerantlıq və multikulturalizm ənənələrinin inkişaf etdirildiyini bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, ölkəmizdə müxtəlif dinlərin, xalqların nümayəndələri bir ailə kimi dinc və sülh şəraitdə yaşayır. O, Azərbaycan dövlətinin dini icmaların azad və təhlükəsiz şəkildə fəaliyyətini təmin etdiyini qeyd edib. Bildirib ki, bu istiqamətdə atılan hər bir addım dini həmrəyliyin və mədəni müxtəlifliyin möhkəmlənməsinə töhfə verir. Komitə sədri əlavə edib ki, dövlətin bütün konfessiyalara bərabər münasibəti və milli-mənəvi dəyərlərə göstərilən yüksək diqqət Azərbaycanın multikultural inkişaf strategiyasının əsas tərkib hissəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımızın multikultural dəyərləri və dini tolerantlıq ənənələri dünyaya nümunə kimi təqdim olunur. Azərbaycanda bütün dini icmalar qarşılıqlı hörmət və qardaşlıq şəraitində fəaliyyət göstərirlər.
“On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar Azərbaycanın müxtəlif dinlərə və inanclara göstərdiyi hörmətin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, ölkədə müxtəlif konfessiyalar arasında dözümlüllük, qarşılıqlı hörmət və etimad mühitinin cəmiyyətdə həmrəyliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sonda iştirakçılar İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisində yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi 2024-cü il iyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb.