https://innews.media/uploads/news/2025-10/_innews_923f86775ee0717c5f8e4452d_o.jpg
Gəncə Dövlət Aqrar Kollecində Yeni Azərbaycan Partiyası (YAP) sıralarına yeni üzv olan gənclərə vəsiqələrin təqdim olunması məqsədi ilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Dövlət Himni səsləndirilib.
Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olan gəncləri təbrik edib. Rektor ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının yaradılmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev tarixi Qələbə ilə əvəzolunmaz lider olduğunu bir daha sübut etdi.
Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışında deyib ki, böyük inkişaf yolu keçmiş, şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə əvəzsiz rola malikdir.
Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir Azərbaycanın tarixində mühüm siyasi əhəmiyyəti olan hadisə kimi böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. Kollecin II kurs tələbəsi Sənan Mehdiyev vətənpərvərlik ruhunda gitarada musiqi ifa edib.
Tədbirin gedişatında Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olan tələbələrə üzvlük vəsiqələri təqdim olunub. Partiya sıralarına yeni üzv olan gənclər çıxışlar edərək öz təşəkkürlərini çatdırıblar.
Daha sonra gənclərin sualları cavablandırılıb.