https://innews.media/uploads/news/2025-10/_innews_62bb2921cbf05ad3331fb1acc_o.jpg
Türkiyə Respublikasının Ərzurum şəhərində Atatürk Universiteti, Azərbaycan Mədəniyyət Mərkəzi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Mədəniyyəti və İrsi Fondu və Nizami Gəncəvi Fondunun birgə təşkilatçılığı ilə “Türk fəlsəfi düşüncəsinin dahisi Nizami Gəncəvi” adlı beynəlxalq simpozium keçirilib.
Tədbirin açılış mərasimində Atatürk Universitetinin rektoru prof. Əhməd Hacımüftüoğlu və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli çıxış edərək iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafında Nizami Gəncəvi irsinin xüsusi rol oynadığını vurğulayıblar.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, Əməkdar elm xadimi, prof. Fərrux Rüstəmov “Nizami Gəncəvinin əxlaq dərsləri” mövzusunda məruzə ilə çıxış edib. F.Rüstəmov məruzəsində Nizami Gəncəvini yalnız klassik şair kimi deyil, bəşəri düşüncəyə təsir göstərən böyük fəlsəfi-etik fikir ustadı, humanist mütəfəkkir və mənəvi kamillik ideyasının banilərindən biri kimi xarakterizə edib. O, Nizamini İslam intibahının mədəni-mənəvi sütunu və simvolu, mənəvi-estetik zirvəsi, humanist düşüncə məbədinin ruhu kimi səciyyələndirib. Məruzədə qeyd olunub ki, Nizami Gəncəvi əxlaqşünaslıq məktəbinin banisi, ədalət, mənəviyyat, mərhəmət və humanizm ideyalarının təbliğatçısı kimi dünya mədəniyyəti tarixində xüsusi yer tutur və onun ideyaları bu gün də bəşəri dəyərlər sistemi üçün aktuallığını qorumaqdadır.
Simpozium çərçivəsində Atatürk Universitetinin professoru Nemət Yıldırımın Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “İsgəndərnamə” poemalarını orijinaldan türk dilinə tərcümə etdiyi nəşrlərin təqdimatı da keçirilib.
Sonda professor Fərrux Rüstəmov son illərdə yazdığı əsərlərini Atatürk Universitetinin kitabxanasına hədiyyə edib.