“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində matros kimi çalışan Nuranə Əkbərzadəyə vəzifə verib.
“PostMedia” xəbər verir ki, R.Vəliyev bu barədə qərarını Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr edilən “Şövkət” bədii filminin təqdimatı zamanı səsləndirib.
Tədbirdə çıxış edən ASCO sədri xanım matrosu dəvət edərək onun haqqında yüksək fikirlər səsləndirib və onun əzmkarlığının qarşılığı kimi kapitan köməkçisi vəzifəsinə təyin edib:
“İlk xanım gəmi kapitanı Şövkət xanım kimi Nuranə xanımın gəmiçiliyə həvəsi onu bu çətin peşəni seçməyə sövq edib. O, kapitan köməkçisi olmaq üçün matros olmağa razı olub. Ona görə də siz artıq bu gündən gəmi kapitanının köməkçisiniz. Əslində qərar vermişdim növbəti həftədən bu vəzifəyə təyin olunasınız, amma hesab edirəm hər anın öz hökmü var. Ona görə də elə bu andan sizi yeni vəzifənizə təyin edirəm”.
Xatırladaq ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) məzunu olan N.Əkbərzadə 2024-cü ildə
“Zərifə Əliyeva” gəmi-bərəsində matros kimi çalışmağa başlayıb.