7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü -- türkdilli ölkələr arasında həmrəyliyin, dostluğun və strateji əməkdaşlığın növbəti simvoluna çevrildi.
Bu möhtəşəm tədbirdə çıxış edən Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev dərin mənalı, siyasi və mənəvi baxımdan zəngin nitqi ilə xüsusi diqqət çəkdi.
Tokayevin çıxışı yalnız diplomatik mesaj deyil ; həm də türkdilli dünyaya ünvanlanmış mədəni-ideoloji çağırış idi. O, çıxışında Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin məşhur misrasını sitat gətirərək dedi:
“Türkün Türklə ədavətə haqqı yox!”
Bu ifadə təkcə ədəbiyyatın hikmətindən doğan bir fikir deyil ; həm də Türk dünyasının birliyi və mənəvi gücü üçün çağırış idi.
Tokayev bu sitatı səsləndirməklə Türk xalqlarının tarix boyu bir-birinə dayaq olduğunu, bugünkü dünyada da birlik və həmrəyliyin ən mühüm dəyər sayıldığını vurğuladı.
Qasım-Jomart Tokayev, yalnız Qazaxıstanın dövlət başçısı deyil ; həm də böyük siyasi təcrübəyə və intellektual potensiala malik şəxsiyyət kimi tanınır. O, BMT, diplomatiya və beynəlxalq münasibətlər sahəsindəki fəaliyyəti ilə qlobal səviyyədə etimad qazanmış nadir dövlət xadimlərindəndir.
Tokayevin çıxışı bir daha göstərdi ki, o, təkcə siyasətçi deyil ; həm də düşünən ziyalı, tarix və mədəniyyətin dərin mənasını duyan liderdir.
Onun nitqində həm geosiyasi reallıqların analizi, həm də türk xalqlarının ortaq mənəvi dəyərlərinə sadiqlik hiss olunur.
Tokayevin Qəbələdə səsləndirdiyi fikirlər, əslində, TDT-nın gələcək istiqamətləri üçün konseptual çərçivə yaradır. O, açıq şəkildə qeyd etdi ki, Türk dünyasının gələcəyi qarşıdurmada deyil ; əməkdaşlıqda və həmrəylikdədir.
Bu mövqeyin arxasında həm Qazaxıstanın praqmatik siyasəti ; həm də Tokayevin çoxvektorlu diplomatik düşüncəsi dayanır. Onun fikrincə, türkdilli dövlətlər arasında iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə inteqrasiya — təkcə regional deyil, qlobal sabitliyin təminatçısı ola bilər.
Tokayevin çıxışında Azərbaycan mədəniyyətinə və ədəbiyyatına göstərdiyi hörmət ; Qazaxıstanla Azərbaycanın qardaşlıq münasibətlərinin dərinliyini bir daha nümayiş etdirdi. Bəxtiyar Vahabzadənin kəlamını Qəbələdə — yəni Azərbaycan torpağında səsləndirməsi həm rəmzi, həm də emosional mənada Türk dünyasının mənəvi birliyinə verilmiş ən gözəl mesaj idi.
Qəbələdəki Zirvə görüşü bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə regional qurum deyil ; beynəlxalq miqyasda güclü siyasi və mədəni platformadır. Qasım-Jomart Tokayevin nitqi isə bu platformanın ideoloji sütunlarından birinə çevrildi. Onun “Türkün Türklə ədavətə haqqı yox !” çağırışı -- yalnız bir sitat deyil, həm də bütün Türk dünyasına ünvanlanmış strateji, mənəvi və tarixi mesajdır.
Birlikdə olan türklər gələcəyin formalaşdırıcı qüvvəsidir.
Müəllif : Qəvami Sadıqbəyli., Azərbaycan